Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 09:18
AMEA Ramiz Mehdiyevlə bağlı mediada yazılan məlumatlara cavab verib.
Sonxeber.net qurumun mətbuat və informasiya şöbəsinin məlumatını təqdim edir:
"Son günlər bəzi ölkə KİV-lərində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı əsası olmayan, böhtan xarakterli məlumatlar yayılır. Bir daha mətbuatdakı həmkarlarımızın diqqətinə çatdırırıq ki, jurnalistlərin başlıca missiyası cəmiyyəti həqiqi və obyektiv məlumatlarla təmin etməkdən ibarətdir. Kiminsə sifarişi əsasında başqalarına böhtan atmaq, yalan məlumatları tirajlamaq gerçək qələm sahiblərinə yaraşan davranış tərzi deyil.
Akademik Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinə 49 il sədaqətlə xidmət etmiş, Ümummilli lider Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin etibarlı silahdaşı olmuş tanınmış dövlət və elm xadimidir. Dövlət qarşısındakı xidmətlərinə görə Ramiz müəllim ölkəmizin ali orden və mükafatları ilə, o cümlədən ölkənin ən ali mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif edilib. Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti postunda bu gün də həmişə olduğu kimi ölkə başçısı İlham Əliyevin yürütdüyü idarəçilik xəttinə sadiq qalmağa və onun tapşırıqlarını öz fəaliyyətində rəhbər tutmağa davam edir.
Ramiz müəllimin fəaliyyətinə dövlət rəhbərliyi tərəfindən daim yüksək qiymət verilmişdir. Ona görə də böhtan xarakterli yazılarla öz aləmlərində Ramiz Mehdiyevi gözdən salmaq, onu ləkələmək istəyənlər ilk növbədə mənəvi eybəcərliklərini, qeyri-peşəkarlıqlarını nümayiş etdirirlər. Hər bir KİV redaktoru cəmiyyətə ötürdüyü məlumatın ciddiliyinə, doğruluğuna cavabdehlik daşımalı, ayrı-ayrı şəxslərin yox, ictimai sifarişin ifadəçisi qismində çıxış etməyi bacarmalıdır. Öz informasiya siyasətində bu meyarı qulaqardına vuran KİV-lər ilk növbədə öz oxucu auditoriyalarına hörmətsizlik etdiklərini unutmamalıdırlar".