Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 11:40
Hesab edirəm ki, Cənub Qaz Dəhlizi ilə bağlı illik toplantıda, ilk növbədə, bu layihənin rellaşması ilə bağlı yaranan cari problemlərin həlli istiqamətində müzakirələr aparılacaq.
Bunu Sonxeber.net-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, Avropanın qazdan asılılığı ilbəil artır:
"Qeyd etmək lazımdır ki, layihə kifayət qədər iri regional layihə kimi dəyərləndirilir və belə olan halda hansısa cari məsələlərin yaranması və onların həlli istiqamətində fikir mübadiləsinin reallaşdırılması qaçılmazdır. Bununla yanaşı bir sıra rəsmilərin layihənin buraxılış gücünün artırılmasını özündə ehtiva edən müzakirələrin aparılması zəruriliyi, məqsədəuyğunluğu barədə fikirlər oldu. Bu da düşünürəm ki, müzakirə mövzusu ola bilər. Çünki Avropanın idxal olunan qazdan asılılığı məsələsi, şübhəsiz ki, gündəlikdədir. Bu kritik göstəricilər ilbəil artır. Artıq ekspert hesablamalarına görə idxaldan asılılıq 80%-ə yaxınlaşmaqdadır. Ona görə də Avropa üçün maksimum şəkildə Cənub Qaz Dəhlizi vasitəsilə qazın idxalının artırılması olduqca önəmlidir.
Yaxın müddətli perespektivdə yeni dövlətlərin Cənub Qaz Dəhlizi layihəsinə qoşulmasını gözləmək olmur. Amma bununla bağlı bir sıra mülahizələr var. Düşünürəm ki, söhbət, ilk növbədə, Türkmənistan qazının layihəyə qoşulmasından, bu layihə vasitəsilə Avropaya ixracatından gedir. Amma qeyd etmək lazımdır ki, Türkmənistanın bu layihəyə qoşulması perespektivləri o qədər də real görünmür".
E. Məmmədov deyib ki, Cənub Qaz Dəhlizi layihəsi vasitəsi ilə Azərbaycanın Avropayla müxtəlif istiqamətlər üzrə danışıqlar masasında mövqeyi xeyli güclənəcək:
"O ki qaldı qazın ixracatı ilə bağlı Azərbaycanın iqtsadi dividentlərinə, Azərbaycan valyuta daxilolmaları nöqteyi nəzərindən neftdən sonra qaz ixracatından, demək olar ki, kifayət qədər yaxın müddətli perespektivdə əhəmiyyətli valyuta daxilolmalarına nail olacaq. Bu, Azərbaycan üçün investisiya resuruslarının yaxın müddətli perespektivdə genişləndirilməsi deməkdir. Eyni zamanda, Azərbaycanın Avropayla müxtəlif istiqamətlər üzrə danışıqlar masasında mövqeyinin xeyli dərəcədə gücləndirilməsini proqnozlaşdırmaq olar. Çünki bir daha qeyd etmək istərdim ki, Avropa üçün qaz idxalı ilə bağlı məsələlər olduqca önəmlidir. Və unutmayaq ki, Avropada qazın həm idxalından asıllıq artır, həm də ki, ümumiyyətlə, qaza təlabat son illər ərzində nə qədər də alternativ enerji mənbələrinin istifadəsi genişlənsə də yenə də artmaqdadır.
Şübhəsiz ki, Azərbaycanın neft ixracatı ilə bağlı Avropada etibarlı tərəfdaş kimi mövqeləşməsi eyni zamanda qaz ixracatı ilə bağlı da Avropanın Azərbaycana diqqətinin artırılmasına səbəb oldu".
Təhməz Əsədov