Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2021 20:32
Fevralın 17-də Yaponiyada koronavirusa qarşı vaksinasiyaya start verilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya hökumətinin tərtib etdiyi plana görə, ilkin olaraq 40 min tibb işçisinin vaksinasiyası nəzərdə tutulur.
Məsələni şərh edən Yaponiyanın İnzibati İslahatlar naziri Taro Kono bir gün əvvəl deyib: "Biz koronavirusa qarşı ən güclü silah hesab edilən vaksinasiyaya başlamağı nəzərdə tuturuq. Ümid edirik ki, insanların əksəriyyəti vaksinasiyanın əhəmiyyətini və riskləri dərk edərək bu prosesə qoşulacaq".
Plana görə, qarşıdakı günlərdə ilk qrupdan sonra daha 3,7 milyon tibb işçisi peyvənd olunacaq.
Hökumət, həmçinin yerli hakimiyyət orqanlarının fevralın 17-də təqdim edəcəyi təklifləri nəzərə alaraq, peyvəndin necə paylanacağını qarşıdakı bir neçə gündə dəqiqləşdirəcək.
Bildirilir ki, hökumət yerli bələdiyyələrə tibb işçilərindən sonra sayı 36 milyona çatan yaşı 65-dən yuxarı olan sakinlərə peyvəndin vurulmasını təklif edib. Bu yaşda insanlara peyvəndin vurulmasını apreldə başlamağı planlaşdıran hökumət bu işi iki ay üç həftə ərzində tamamlamağı nəzərdə tutur.
Bununla yanaşı, ilk 20 min insana peyvəndin vurulmasından sonra cəmiyyətə onun səmərəliliyi və yan təsirləri barədə ətraflı məlumat veriləcək.