Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 14:46
Azərbaycanda media ilə bağlı yeni qanun layihəsi hazırlanır. Artıq "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun qüvvədən düşməsi və Azərbaycanda yeni "Media haqqında" qanunun qəbul edilməsi prosesindəyik. Gözləntilər böyükdür. Hazırda medianın durumunun ürəkaçan olmaması, illərlə hökm sürmüş fəaliyyət prinsiplərinin artıq özünü doğrultmadığı və media sahəsində islahatlara ehtiyac olduğu gün kimi aydındır. Bu sahədə fəaliyyətin şəffaflaşdırılmasına, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün addımlar atılmasına, mediada hökm sürən mənfi tendensiyanın aradan qaldırılmasına ehtiyac var. Medianın xaotik vəziyyətdən strateji inkişaf yoluna qədəm qoyması üçün düşünülmüş, dərin islahatların aparılması labüdlüyü ortaya çıxıb. İlk növbədə, bu islahatların əsas məqsəd və hədəfləri dəqiq müəyyən olunmalıdır.
KİVDF-nin ləğv edilməsi və Media İnkişaf Agentliyinin yaradılması bu istiqamətdə atılan hələ ki ilk addımdır. Bu prosesin davamlı olacağı və pozitiv nəticələrə gətirib çıxacağı atılacaq addımlardan asılıdır. Çünki indiyə qədər Azərbaycanda KİV sahəsində aparılan islahatların gözlənilən effekti verməməsinin səbəbi məhz müəyyən hallarda onun sadəcə görüntü xatirinə edilməsi və köklü dəyişikliklərə yönəlik formada aparılmamasıdır.
Mediada indiki bəzi xoşagəlməz tendensiyalara son qoymaq üçün bir neçə istiqamətdə ciddi addımlar atılmalıdır. O cümlədən reklam bazarının medianın üzünə geniş şəkildə açılması çox ciddi bir tələb kimi dayanmalıdır. Müasir, qabaqcıl fəaliyyət prinsiplərinə söykənən, güclü, siyasiləşməmiş, "hər şeyi bir rəngdə görməyən", peşəkar, qərəzsiz medianın formalaşmasının zəruri olmasını əsaslandıran şərtlərdən biri də budur. Bununla paralel dövlətin sosial reklamlarının medianın ən geniş təmsilçiləri arasında prinsipial şəkildə bölüşdürülməsi üzərində ciddi nəzarət də olmalıdır. Əks halda xoşagəlməyən halların meydana çıxması zərurəti yarana bilər. İndi vəziyyətin ürəkaçan olmadığı heç kimə sirr deyil.
Dünya praktikasında müstəqil KİV qurumunun gəlirlərinin minimum 75%-i reklamlardan, elanların dərcindən formalaşdığı halda bizdə hazırda vəziyyət əksinədir. Ölkəmizdə bu gün hər nazirliyin, icra qurumunun "öz qəzeti" var, reklam və elanlarını həmin KİV-lər üzərindən reallaşdırırlar. Ölkənin informasiya yükünü daşıyan KİV-lər isə qalır bir kənarda. Baxmayaraq ki, qanun layihəsində reklamların hansı KİV-ə verilməsi üçün də standartlar müəyyən edilmişdi, digər qanun layihələrinin əksəriyyəti kimi bu da kağız üzərində qalıb.
Rəsmi informasiyalara çıxış nöqteyi nəzərindən də media orqanları üçün çox geniş imkanlar açılmalıdır. Onların rəsmi və qeyri-rəsmi informasiya mənbələrinə eyni dərəcədə çıxışı təmin edilməsi baxımından bu, olduqca önəmli məsələdir. Bir sözlə, islahatların əsas məqsədi ölkəmizdə peşəkar və dövlətçilik müstəvisində fəaliyyət göstərən media orqanlarının inkişafına yeni bir mərhələ açmaqdan ibarət olmalıdır. Əks təqdirdə istənilən prinsiplə inkişaf etməyə meylli olan media qurumları önə keçə bilərlər ki, bu da cəmiyyətimiz üçün xoşagəlməz hallarla müşahidə edilə bilər.
Təhməz Əsədov