Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 21:18
İran Hind okeanına çıxışı olan ikinci böyük limanını tikmək üçün lazım olan tədbirləri həyata keçirir.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən İranın Dəniz və Limanlar İdarəsinin rəisi Məhəmməd Rastad yeni limanın ildə 200 milyon ton yük aşırma qabiliyyətinə malik olacağını da bildirib. Hörmüzgan vilayətində inşa ediləcək liman İran iqtisadiyyatını şaxələndirməklə yanaşı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin də əhəmiyyətini artıracaq.
Qeyd etmək lazımdır ki, adı yuxarıda çəkilən vilayətdə artıq Çabahar kimi 100 milyon ton yük aşırmaq imkanı olan böyük liman var. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi İran iqtisadiyyatına mənfi təsir göstərir. Yeni liman bu təsiri azaltmaqla beynəlxalq yükdaşımaların artırılmasına gətirib çıxaracaq ki, bu da iqtisadi inkişafı təmin edəcək. Yeni limanın 2032-ci ildə istismara veriləcəyi də vurğulanıb.
Bu açıqlama ilə yanaşı, fevral ayında İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səid Rəsuli də "Rusiya Dəmir Yolları"nın rəhbəri Oleq Belozerov ilə görüşərək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivlərini müzakirə etdiyini bildirib. Görüşdə yükdaşımaların həcminin artırılması, sürətləndirilməsi və meydana çıxan problemlərin həlli məsələlərini müzakirə edilib.
Göründüyü kimi, İran məsələyə kompleks şəkildə yanaşaraq iqtisadiyyatın neftdən asılılığına son qoymağa və beynəlxalq nəqliyyat dəhlizindən səmərəli istifadə etməyə çalışır.
Bütün bunlar əlbəttə ki, Azərbaycan üçün maraq doğurmaya bilməz. Məlum məsələdir ki, Cənub-Şərqi Asiya ölkələrindən başlayan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya uzanır.
Müasir dünyada ticarət əlaqələrinin genişlənməsi uzaq məsafələrin yaxınlaşmasından daha çox asılıdır. Bu günə kimi Asiya ilə Avropanın arasında aparılan ticarət Süveyş kanalı vasitəsilə həyata keçirilirdi. Lakin Asiyadan çıxan yük gəmiləri 1 ay müddətində Avropaya çatır və bir neçə dövlətin ərazisindən keçməklə dəfələrlə gömrük rüsumu ödəmək məcburiyyətində qalırdı. Bununla yanaşı, gəmilərin bəzi yerlərdə dəniz quldurlarına rast gəlməsi halları barədə də çox saylı faktlar var. Belə bir vəziyyətdə nəqliyyat xərcləri ilə yanaşı, yüklərin təhlükəsiz çatdırılması da sual altına düşür.
Lakin Asiyadan çıxan yüklərin Bəndər-Abbas və Hind okeanına çıxışı olan Oman dənizindəki Çabahar limanından Avropaya daşınması vaxta və nəqliyyat xərcinə qənaət etmiş olur. Daha dəqiq desək, Körfəz ölkələri Bəndər-Abbas, Cənub-Şərqi Asiya ölkələri isə Çabahar və gələcəkdə İranın yeni inşa edəcəyi liman vasitəsilə yükləri Avropaya daşıya biləcək. Bütün bu yüklər isə tranzit olaraq Azərbaycan ərazisindən keçməklə daşınacaq. Azərbaycan artıq böyük həcmdə yüklərin qəbul edib yola salması üçün lazımı infrastruktur layihələri həyata keçirib. Bakı Limanının yenidən qurulmasından başlayaraq, Bakı-Astara-İran magistral yolu, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttini qeyd etmək olar.
Körfəzdən və Çabahardan İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə daşınacaq ki, bu da Bakını beynəlxalq logistika mərkəzinə çevirəcək. Azərbaycan tranzit gəlirlərlə yanaşı, həm də siyasi dividendlər də qazanacaq.
Vaşinqton İqtisadi Araşdırmalar İnstitutunun iqtisadçısı Patrik Klauson yazır ki, yalnız 2018-ci ildə Çabahar limanından 2,1 milyon ton yük aşırılıb, halbuki bu limanın yük aşırma qabiliyyəti 8,5 milyon tondur. İqtisadçının fikrincə, yaxın gələcəkdə liman tam gücü ilə çalışmağa başlayacaq ki, bu da yalnız Asiya ilə Avropanın deyil, eləcə də Orta Asiya və Qafqaz respublikalarının da ticarət əlaqələrinin artmasına imkan yaradacaq.
İqtisadçının araşdırmasından belə nəticə hasil olunur ki, yaxın gələcəkdə Asiya ilə Avropa arasındakı ticarət əlaqələri daha geniş şəkildə artacaq və bu artımı reallaşdırmaq üçün Çabahar limanının 8,5 milyon ton yük aşırmaq qabiliyyəti də yetərli olmayacaq. Məhz bu səbəbdən də İran həmin bölgədə yeni və böyük limanın inşasına qərar verib. Əlbəttə, qeyd olunan yükdaşımalarının artması Azərbaycan üçün əlverişli şərait yaradır.
Onu da nəzərə çatdırmaq lazımdır ki, 44 günlük Vətən müharibəsi zamanı Qarabağın işğaldan azad edilməsi regionda yeni siyasi və iqtisadi reallıqlar yaradıb. Artıq Naxçıvanı Azərbaycan ilə birləşdirən dəmir yolunun bərpası və paralel olaraq magistral yolun çəkilməsi planları hazırlanır. Eyni zamanda, İran ilə sərhəddə yeni gömrük-keçid məntəqələrinin də açılacağı şübhə doğurmur. İran da bu yollara qoşulub Qafqaz respublikaları ilə ticarət əlaqələrini genişləndirə bilər.