Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 20:00
Bakı. İlhamə İsabalayeva - Trend:
İyulun 24 -də saat 19:20 radələrində Neft Emalı Zavodunun məşəl qurğusunda müşahidə olunan tüstü axınının zavoddakı istehsalat prosesində baş vermiş qəza ilə bağlı olduğu təsdiqlənib.
Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, zavodun 5 nömrəli istehsalat sahəsində qəza olub: "Araşdırmalar göstərdi ki, axşam saatlarında zavodun 5 nömrəli istehsalat sahəsində qəza qeydə alınıb və havada tüstü axını müşahidə edilib. Görülən tədbirlər nəticəsində baş vermiş qəza aradan qaldırılıb".
İ.İbrahimova əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssislərinin həmin vaxt apardığı monitorinqlərin nəticələrinə görə, havaya atılan tullantıların miqdarı normadan artıq olub. Bu gün səhər nazirliyin mütəxəssisləri tərəfindən məşəl qurğusunun ətrafında yenidən monitorinqlər keçirilib və havaya atılan tullantıların norma daxilində olduğu müəyyən edilib.
Gələcəkdə belə hallara yol verilməməsi üçün texnoloji proseslərə cavabdeh olan şəxslərə xəbərdarlıq edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin