Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 20:26
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini 31 yaşlı Gülnur Altınterimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
otel biznesiGülnur Altınterim tanışı Malik Orucov və Lazım Mehtiyevin etibarından sui-istifadə etməklə onların verdiyi pulun müqabilində paytaxtın Nərimanov rayonu, T.Əliyev küçəsində yerləşən "Golden Shine" otelini icarəyə götürüb, birgə təmir etdirib, gələcəkdə həmin oteldən əldə olunacaq gəlirdən adları çəkilən şəxslərə də qazanc verəcəyini vəd edərək onları aldadıb. O, M.Orucovdan və L.Mehdiyevdən cəmi 50 min dollar alaraq hər iki şəxsə qarşı dələduzluq edib.
Faktla bağlı G.Altınterimə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Gülnur və ərinin otel biznesi
Təqsirləndirilən şəxs qismində dindirilən Gülnur Altınterim ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib və heç kimdən pul almadığını, aldatmadığını deyib. Zərərçəkmiş şəxslərin onun həyat yoldaşı Ali ilə anlaşdıqlarını, özünün isə həmin danışıqlarda sadəcə şahid kimi iştirak etdiyini deyib: "Həyat yoldaşım rəhmətə getdiyindən (Türkiyəli iş adamı 60 yaşlı Mehmet Ali Altınterim 2019-cu ilin aprelində dünyasını dəyişib-red.) pulu məndən tələb edirlər. Bildiyimə görə Aliyə 30 min dollar veriblər".
İki övladı ilə birgə yaşadığını, hazırda rəsmi olaraq heç yerdə işləmədiyini deyən G.Altınterim həyat yoldaşının ölümündən sonra "Golden Shine" otelini artıq işlətmədiyini, təhvil verdiyini deyib.
G.Altınterimin ifadəsindən belə məlum olub ki, türkiyəli iş adamı, Mehmet Ali Altınterimlə 2013-cü ildə ailə həyatı qurub. Birgə nikahdan iki övladıları dünyaya gəlib. 2018-ci ildə həyat yoldaşı "Golden Shine" şirkətini yaradıb, arvadını isə şirkətə təsisçi təyin edib. Təxminən 2017-ci ilin sonlarında Ali Altınterim icarəyə işlətməyə otel axtarıb.
"Maklerlə birgə "Kron" adlı otelə baxmağa getdik. Ali oteli bəyəndi. Otelin sahibi Malik Orucovla belə razılığa gəldik ki, təmir etdirib sonra icarəyə götürək. Hətta Ali Malikə 5 min manat beh də verdi. Amma bir neçə ay keçsə də Malik oteli təmir etdirə bilmədi",-o ifadəsində deyib.
"Golden Sine" otelini şərik işlətmək haqda anlaşma
Daha sonra Gülnurun həyat yoldaşıyla Malik Orucov arasında "Golden Shine" otelinin təmiri və işlədilməsi ilə bağlı danışıqlar olub. Həmin oteli Malik pul qoyub təmir etdirməli, Ali Altınterim isə işlətməli idi. Otelin bir ayı 10 min dollar olmaqla kirayə verilib: "Binanın sahibi dedi ki, təmirə başladıqları halda üç ayın kirayə pulunu əvvəlcədən ödəmək lazımdır. Ona görə də Malik 30 min dollar kirayə pulunu ödədi. Mütəxəssilər gəlib otelin təmiri üçün tələb olunan məbləği deyəndə Malik otelin ərsəyə gəlməsi üçün külli miqdarda pul tələb olunduğunu görüb verdiyi pulu da geri istədi. Ona görə də oteli istifadəyə verib gəlir əldə etmək və borcları vermək üçün bütün mülkləri satdıq. 2018-ci ilin aprelində otel işə başladı. Otel yenicə işə başlamışdı ki, Malik Orucovla onun səriki "Seyid" ləqəbli Lazım Mehdiyev otelə qoyduqları pulu geri ödəməsi üçün Aliyə hədə-qorxu gəlirdilər. Otel yaxşı gəlir gətirmədiyinə görə Ali onların pulunu qaytara bilmirdi".
"Maliklə Lazım gəldilər, gecə ərim öldü..."
Mərhum Ali Altınterim borcunun yerinə Türkiyədən yataq dəstləri gətirəcəyinə söz versə də, bu variant da alınmayıb. Bununla bağlı Ali Altınterimlə borc sahibləri arasında dəfələrlə mübahisələr yaranıb.
"Golden Shine" otelində otaq
Gülnur Altınterimin ifadəsindən: "Həyat yoldaşım onların hədələrindən çox qorxurdu. Axırıncı dəfə aprelin 3-də 2019-cu ildə Maliklə Lazım gəldilər, yenə pulu tələb etdilər. Ali dedi ki, pulum yoxdur. Lazım əlindəki əsa ilə stolun üstündəki çayı vurub dağıtdı, əlilləri otelə gətirib obyekti dağıtdıracağını dedi. Həmin gecə Alinin vəziyyəti pisləşdi və gecə vəfat etdi. Yoldaşımın 40 mərasimi çıxmamış Lazımla Malik bir qrup əlillə gəldilər, məni hədələdilər, otelə qoyulan pulu tələb etdilər, pulu verməsəm öldürəcəklərini dedilər. Mən Malik Orucovdan və Lazım Mehtiyevdən pul almamışam. Həmin oteli öz şəxsi vəsaitim hesabına təmir etdirib işlətmişəm. Onlara ödəniş etməyə pulum yoxdur. İstintaq dövründə 15 min manat ödəmişəm. Yoldaşımın onlara 31 min manat borcu qalıb".
İki Qarabağ əlilinin ortaq inşaat biznesi
1-ci qrup Qarabağ əlili olan zərərçəkmiş Malik Orucov isə ifadəsində göstərib ki, uzun illərdən bəridir 1-ci qrup Qarabağ əlili Lazım Mehdiyevlə şərikli tikinti işləri görürlər. Təxminən 2014-cü ildə birlikdə Nərimanov rayonu F.X.Xoyski küçəsi 130 ünvanda 6 mərtəbəli otel tikdiriblər. 2017-ci ilin sonunadək obyektdə təmir işləri aparmayıblar. Həmin ilin oktyabrında Yasin adlı maklerlə Gülnur Altınterim, Ali və Anıl adlı türk vətəndaşları ofisə gəliblər. Gülnur ona əri ilə birfə oteli icarəyə götürmək istədiyini deyib.
"Dedim hələlik təmir üçün pulumuz yoxdur, satılası obyektlərimiz var, satıb sonra təmir etdirəcəyik. Bizimlə bütün söhbətləri Gülnur edirdi, Ali isə onun dediklərini təsdiqləyirdi. Gülnur 200 min manat hissə-hissə verməyi, oteli təmir etdirmələrini, sonra isə icarə pulundan çıxmağımızı dedi. Biz də razılaşdıq. Gülnur beş-altı otel götürüb ortaq işləməyi təklif etdi",-Malik deyib.
Qarabağ qazisi deyir ki, Gülnurla əri mütəmadi olaraq ofisə gəlib-gediblər, aralarında səmimi münasibət yaranıb. Amma Gülnur onlara pul verməyib, həmin məbləğə gücü çatmadığını söyləyib: "Bir ay sonra Yasin adlı maklerlə ofisə gəldi. Nərimanov rayonu ərazisində "Golden Shine" oteli olduğunu, həmin oteli təmir etdirməyə pul verəcəkləri təqdirdə təmirdən sonra birgə işlətməyə və əldə olunacaq gəlirin 50 faizini bizə verəcəklərini dedi. Təmir üçün 100 min dollar lazım olduğunu, yarısını özü, yarısını da bizim qoymağımızı istədi. Ertısi gün Lazımla birgə həmin ofisə getdik. Lazımla öz otellərimizin bir-iki ilə təmir olunacağını fikirləşdik və Gülnura 50 min dollar vermək qərarına gəldik. Bir dəfə 30 min, bir dəfə isə 20 min dollar verdik".
"Ayda 10-15 min manat qazanırdı, bizə vermirdi..."
Qarabağ qazisi ifadəsində 2018-ci ilin aprelində "Golden Shine" otelinin açılışı olduğunu, Gülnur Altınterimin oteli işlətməyə başladığını, xırda borclarını ödədikdən sonra onlarla hesablaşacağını dediyini göstərib: "Ayda on-on beş min manat pul qazanırdı. Amma hər dəfə bir bəhanə gətirir, bizimlə şərik işləməkdən yayınırdı. Onun düzgün adam olmadığını görüb verdiyimiz 50 min dolları tələb etdik. Gülnur isə pulun əvəzinə hamam və yataq dəstləri verməyi təklif etdi, məcbur olub razılaşdıq. Amma yenə də bizi aldatdı, onları da vermədi. Aprelin 3-də Lazımla birgə yenə Gülnurun yanına getdik, pullarımızı tələb etdik. Yenə bizə oteli şərik işlətməyi, hamam dəstləri verməyi təklif etdi, razılaşmadıq, pulumuzu istədik. Həmin gecə Gülnur zəng vurub yoldaşının bizim tərəfindən öldürüldüyünü deyib hədə-qorxu gəldi. Bizi Nəsimi rayon prokurorluğuna çağırdılar. Orada izahat verdik. Hər şeyi olduğu kimi qeyd etdik. Araşdırma zamanı məlum oldu ki, ərinin ölməyi ilə bizim heç bir əlaqəmiz yoxdur".
Lazım gəldi və danışdı
Zərərçəkmiş Lazım Mehdiyev də anoloji ifadə verib O, ifadəsində göstərib ki, 1-ci Qarabağ müharibəsində iştirak edib, birinci qrup Qarabağ əlilidir. Hamı onu "Seyid" deyə çağırır.
"Gülnur bir neçə otel icarəyə götürüb işlətdiyini, bu işdə təcrübəsi olduğunu, yaxşı gəlir qazandığını dedi. "Golden Shine" otelinin təmirinə pul verəcəyimiz təqdirdə obyekti şərikli işlətməyi və qazancı yarı bölməyi təklif etdi. Qarabağ əlillərindən bir az vəsait toplayıb Gülnura verməyi, otel fəaliyyətə başladıqdan sonra əldə olunan gəlirdən bir neçə Qarabağ əlilinin ailəsinin dolanışığına xərcləməyi düşündük. Gülnura 50 min dolları verdik. Dedi ki, təmir bitən kimi oteli birgə işlədəcəyik. Lakin sonradan otelin bizə aidiyyatı olmadığını, oteli Ali ilə birgə işlədəcəyini dedi. Aldandığımızı başa düşüb pullarımızı geri istədik",-Lazım Mehdiyev ifadəsində bildirib.
Məhkəmə prosesi davam edir.