Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2021 19:06
Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər tətbiq olunacağı gözlənilir. Vaksinləşmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara "SMS icazə" və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər.
Sonxeber.net bildirir ki, bu barədə APA-ya tibbi mənbələrdən bəlli olub.
Məlumata görə, koronavirusa yoluxma sayındakı kəskin artımlar yenidən karantin rejiminin sərtləşdirilməsini aktuallaşdırır. Belə vəziyyətdə isə vaksinləşmə prosesinin hər iki mərhələsini həyata keçirənlərə məhdudiyyət tətbiq olunmaması müzakirə edilir.
Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu qeyd etmişdi.
Xatırladaq ki, əvvəlcə Azərbaycanda 50 yaş üzəri şəxslərin vaksinləşmə prosesi başladılıb. Hazırda hökumət 40 yaş üzəri şəxslərin vaksinləşmə prosesindən istifadə edə biləcəyini açıqlayıb.
Vaksinləşmə vətəndaşlar üçün pulsuzdur. Azərbaycan dövləti bu proses üçün Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan 4 milyon ədəd "CoronaVac" vaksinini ölkəyə gətirib.