Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 13:21
COVİD-19 qlobal pandemiya elan olunan gündən Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan pandemiyaya qarşı mübarizəyə ən fəal şəkildə qoşulan ilk dövlətlərdən biri olsa da, bu gün ölkəmizin vaksinlərin paylanması məsələsində ədalətsizliklə qarşılaşdığı heç kimə sirr deyil.
COVİD-19-la mübarizəyə həsr olunmuş bütün beynəlxalq toplantılarda Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, insanların sağlamlığı hər şeydən üstündür. O, öz ölkəmizin vətəndaşları ilə yanaşı dünyada imkansız və koronavirusla bağlı ciddi çətinliklərlə qarşılaşmış digər ölkələrin vətəndaşlarının sağlamlıqlarını da düşünən lider kimi təqdirəlayiq təşəbbüsü ilə son günlərin ən çox müzakirə edilən dövlət başçılarından birinə çevrildi. Belə ki, dünyanı cənginə alan koronavirus əleyhinə peyvənd ərsəyə gələr-gəlməz nəhəng dövlətlər arasında vaksin müharibəsinin başladığını və kasıb ölkələrin bir doza belə peyvənd əldə edə bilməyərək böyük risklə üz-üzə qaldığını görən Azərbaycan Prezidenti COVİD-19 əleyhinə peyvəndlərin dünya dövlətləri arasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsini durdurmaq üçün operativ reaksiyası ilə yadda qaldı. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərlə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edildi ki, bu da kasıb ölkələrin vətəndaşları üçün yaranan həyati riskin aradan qaldırılması baxımından olduqca əhəmiyyətli addım idi.
Koronavirus qlobal pandemiya elan olunan gündən virusa qarşı mübarizəyə fəal şəkildə qoşulan Azərbaycan vaksin ərsəyə gəldikdən sonra vətəndaşlarını qorumaq məqsədilə peyvəndləməyə nəinki Cənubi Qafqazda, eləcə də dünyada qoşulan ilk dövlətlər sırasında yer aldı. Hazırda da dünyanın bir çox ölkələri fəal şəkildə əhalini koronavirus infeksiyasına qarşı aşılamağa başlayıb və Azərbaycan da COVİD-19 əleyhinə vaksinasiyanın tam sürətlə davam etdiyi ölkələr arasındadır.
MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatları təhlil etdikdən sonra regionda peyvənd vurulmasına ilk başlayan ölkələrdən biri olan Azərbaycanın həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqladığını görmək olar. Milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza "CoronaVac" peyvəndi vasitəsilə risk qruplarına aid şəxslərə vurulmağa başlanıb. 26 mart 2021-ci il tarixinə olan duruma görə, ümumilikdə 746 608 doza peyvənd vurulub, 226 min nəfər tam aşılanıb.
Statistika da göstərir ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Belə ki, açıq mənbələrdən alınan məlumatlarda martın 26-na olan duruma görə, Azərbaycanda 518 867 nəfərin ilk doza ilə aşılandığı aydınlaşır. Bu da əhalinin 5,2%-ni təşkil edir. Rusiyada isə aşılananların sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3%-ni təşkil edir. Bu göstərici Belarusda 2% təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1% səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər aşılanıb. Ermənistanda isə peyvəndləmə hələ başlamayıb.
Hər 100 nəfərə düşən peyvənd olunmuş adam sayına görə də Azərbaycan yalnız Rusiyadan geri qalır. Rəqəmlər bir daha Azərbaycanın əhalisinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir.
İkili standartlarla üz-üzə qalan Azərbaycanın bütün imkanlarını səfərbər edərək Rusiyanı təqib etməsi rəsmi Bakının növbəti uğurudur. COVAX platformasının bütün ölkələr üçün effektli peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış mexanizm olduğununu nəzərə alaraq, Azərbaycan ötən il COVAX platformasına ilk qoşulan 50 ölkədən biridir. Lakin COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hələ də əməl edilmir. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanı örnək dövlətlərdən biri kimi göstərir. Bu gün Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradıldığı halda, ölkəmizə qarşı bu münasibət yanlışdır və təsisatın məram və məqsədinə ziddir.
Təhməz Əsədov