Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nuran Abdullayev: Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirəcək

Nuran Abdullayev: Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirəcək

Tarix: 2 Aprel 2021 22:44

Yeni növ koronavirusun ölkəmizdə rəsmi olaraq ilk dəfə qeydə alındığı zamandan etibarən onun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən ciddi tədbir həyata keçirilir və hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da bu tədbirlər davam etdirilir. Təəssüflər olsun ki, dünyanı öz ağuşuna alan gözlənilməz xəstəliyin pandemiyasının tam olaraq aradan qaldırılmasına hələlik nail olunmayıb. Məhz buna görə də virusun geniş yayılmaması üçün müxtəlif vaxtlarda karantin, sərt karantin, məhdudiyyətlər və qadağalar tətbiq olunur. Hazırda isə bu tədbirlərə çox önəmli olan peyvəndləmə prosesi də əlavə edilib.

Sonxeber.net bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında Almaniyanın Köln şəhərində yaşayan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Ümumiyyətlə bütün dünya ölkələrində pandemiya ilə mübarizə dövlətin, səhiyyə sisteminin və ölkə əhalisinin birgə fəaliyyəti ilə tənzimlənir. Amma bu üçlüyün mübarizə gücü hər zaman vəhdət təşkil etmədiyinə görə bütün dünya ölkələrində mübarizə strategiyasında müəyyən boşluqlar hiss oluna bilər. Azərbaycanda isə dövlətin bu günə qədər göstərdiyi mübarizə strategiyasında əsas prinsip həm səhiyyənin, həm də ölkə əhalisinin mübarizəsindəki boşluqları aradan qaldırmaq və onlara maksimum dəstək göstərmək olmuşdur ki, bu da öz növbəsində hətta bir çox inkişaf etmiş ölkələr üçün də bir nümunədir. Bu istiqamətdə ölkə vətəndaşlarının sağlamlıqlarının qorunmasının ölkənin iqtisadi maraqlarından da önəmli olmasını görmək bir daha xalqın dövlət üçün nə qədər əhəmiyyətli olmasının göstəricisidir.

Bunun bariz nümunəsi kimi deyə bilərəm ki, ölkəmizdə virusun aşkarlandığından dərhal sonra Prezident İlham Əliyev səhiyyənin pandemiya ilə layiqli mübarizəsi üçün yeni xəstəxanaların quraşdırılması ilə bağlı tapşırıqlar verdi. Qısa müddət ərzində ölkədə modul tipli xəstəxanalar fəaliyyətə başladı. Bununla yanaşı, Azərbaycana qısa müddət ərzində viruslu xəstələrin həyatda qalması üçün önəmli olan müasir tibbi avadanlıqlar gətirildi.

Dövlətin vətəndaşına bu şəkildə qayğı göstərməsi və onun sağlamlığının dövlətin iqtisadi maraqlarından üstün olmasını sübut edəcək nümunəvi addımlar atması beynəlxalq səhiyyə qurumlarının arzuladıqları etik normalar çərçivəsində olduğu üçün onlar Azərbaycanı digər bir çox ölkəyə nümunə kimi təqdim edirlər ki, bu da birbaşa Azərbaycan dövlətinin uğurudur. Qeyd etmək zəruridir ki, Azərbaycan dövləti bu uğurunu 44 günlük Vətən müharibəsi apararaq da davam elətdirdi ki, bu da müasir dünya tarixinə pandemiya dövründə öz torpaqlarını işğaldan azad edən və eyni zamanda, müharibə şəraitində virusla layiqli mübarizə aparan yeganə dövlət kimi düşdü.

Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizənin yeni mərhələsinə qədəm qoyulub. Virusla mübarizə strategiyasına uyğun olaraq, bu ilin yanvarın 18-dən ölkəmizdə vaksinasiyaya başlanılıb. Müşahidələrimə əsasən, deyə bilərəm ki, müxtəlif kateqoriyalar və yaş qrupları üzrə aparılan peyvəndləmə prosesi uğurla davam edir və vətəndaşların o prosesdə aktiv iştirak etməsi dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirəcək. Təsadüfi deyil ki, Azərbaycan dünyanın bir çox aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb. Görünən odur ki, hazırda dünyanın bəzi ölkələrində vaksin alınması məsələsi çox ciddi bir problemə çevrilib. Amma buna baxmayaraq, Azərbaycan artıq bir sıra şirkətlə əldə etdiyi razılaşmalara əsasən, bir neçə peyvəndin alınmasına nail olub. Düşünürəm ki, bu da dövlətimizin uğurudur.

Əlavə olaraq bir vacib məqamı da bildirmək istəyirəm ki, pandemiya ilə mübarizə üçlüyünün digər əsasını təşkil edən səhiyyə sistemi və ölkə əhalisi mütləq şəkildə Azərbaycan dövlətinin yuxarıda sadaladığım nümunəvi mübarizəsinə layiq olmalıdır. Burada səhiyyə sisteminin üzərinə düşən vacib və çox məsuliyyətli işlərdən biri də ən son elmi yenilikləri bundan xəbərsiz olan ölkə əhalisinin müəyyən qruplarına çatdırmaqdır ki, onlar da dövlətin mübarizə strategiyasının nə qədər doğru və elmi əsaslı olduğunu bir daha görsünlər. Bu da öz növbəsində insanlarda həm müəyyən inamsızlığı aradan qaldıracaq, həm də onları pandemiya ilə aktiv mübarizədə iştiraka ruhlandıracaq.

Bununla da dövlət, səhiyyə sistemi və ölkə əhalisinin birgə vəhdəti pandemiyaya qalib gəlməyə və tezliklə normal həyata dönməyə səbəb olacaq.


Etiketlər:  Nuran Abdullayev Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi dövlətin virusla mübarizə strategiyasını daha gücləndirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ