Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2019 10:36
Bakı. İlhamə İsabalayeva - Trend:
Müsabiqədə 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər iştirak edə bilərlər.
Dövlət İmtaha Mərkəzindən Trend-ə verilən məlumata görə, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2019/2020-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılmışdır.
Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayışı, yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayışı (AZS №086), “Abituriyentin elektron ərizəsi”ni 2019-cu il iyulun 29-dan avqustun 16-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər.
Qeyd edək ki, cari ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il 28 aprel tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.
Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin