Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 14:27
Ermənistanı təşvişə salan vacib məqamlarSonxeber.net Real TV-ə istinadən bildirir ki, 101 il bundan əvvəl Azərbaycanın tarixi ərazisi olan Zəngəzur mahalına daxil olan Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları Ermənistana verildi. 115 müsəlman kəndi yerlə yeksan oldu. 4 min 472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirildi. Bununla da Zəngəzur adı xəritədən tamamilə silindi. Bu tarixi ədalətsizlik Naxçıvanın belə digər Azərbaycan torpaqlarından ayrı salınması ilə yekunlaşsa da, Zəngəzuru biz nə beynizmizdən, nə ürəyimizdən silə bildik.
Prezident İlham Əliyev də çıxışlarında Zəngəzurun Azərbaycadan qoparılaraq ayrı salınmasını mütləq xatırladırdı.
Zəngəzurun parçalanmasından dönə-dönə danışan, illər keçsə də unudulmasına imkan verməyən dövlət başçısı faktları ortaya qoymaqla sanki hər gün daha bir addım Zəngəzura yaxınlaşırdı. Gələcək yol xəritəsini də məhz bunun üzərində qururdu.
28 illik işğaldan sonra 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsindən sonra əldə olunan Qələbə paradında Prezident qalibiyyətimizi elan edərkən də tarixə nəzər saldı. "Biz o ərazilərə qayıdacağıq" deməklə insanları sanki addım-addım buna hazırlayırdı.
Ermənistanın kapitulyasiyasından sonra 10 noyabr bəyanatı, xüsusilə də bəyanatın 9-cu bəndi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasını şərtləndirdi. Azərbaycan sərhədçilərinin qədim torpağımız olan Şurnuxu kəndinin dövlət sərhəd xəttinin keçdiyi Azərbaycan hissəsinə, yəni ermənilərin Gorus-Qafan yolu adlandırdığı dəhlizə nəzarət etməsi, 101 ildən sonra əraziyə daxil olarkən "Azərbaycana xoş gəlmisiniz" lövhəsinin görünməsi böyük tarixi hadisədir.
Biz artıq Zəngəzurun bir addımlığındayıq.
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzurda qalmaqallı şəkildə qarşılanması təsadüfi deyildi. Onun "Zəngəzur dəhlizi" könüllü şəkildə Azərbaycana verilməsə, onlar bunu müharibə ilə alacaqlar" deməsi görünür Ermənistan cəmiyyətində ciddi təşviş yaradıb.
Çünki bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti "Zəngəzur dəhliz"i ilə bağlı qarşı tərəfə önəmli mesaj verdi.
Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətnin sədri Zahid Oruc bildirdi ki, Prezident fikirlərində qətidir və bu layihənin reallaşmasını heç kim əngəlləyə bilməz.
Prezident bütün dövrlərdəki çıxışları da, müharibədən əvvəl də, sonra da Zəngəzurun əhəmiyyətini xüsusi vurğulaması, sərhədlərin bərpa olunması ilə bağlı məsələni gündəmə gətirməsi Azərbaycanın tarixi torpaqlarına sahib çıxmasını və qalib lider kimi bölgədə sülhü bərqərar etməsini göstərir.