Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı yollarında ölüm saçan təmizlik işləri

Bakı yollarında ölüm saçan təmizlik işləri

Tarix: 30 Aprel 2021 10:00

Xəbər verdiyimiz kimi, aprelin 23-də Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, Nurlan Hüseynov idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsilə yol kənarında körpünü yuyan AAYDA-nın əməkdaşı Nizami Məmmədovu vurub.

Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan "İveco" markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.

Hadisədən sonra baku.ws-in qaynar xəttinə oxucularımız müraciət edib. Oxucular bildiriblər ki, qəza işlər görülərkən təhlükəsizlik tədbirlərinin pozulması səbəbindən baş verib.

Bir neçə sürücü bildirib ki, həmin vaxt onlar da az qala qəza törədəcəklərmiş.

Ekspertlər də hesab edirlər ki, bir çox hallarda yollarda təmir işləri aparılarkən təhlükəsizlik tədbirləri pozulur.

Bu və digər məqamlara aydınlıq gətirmək üçün nəqliyyat eksperti Ərşad Hüseynovla əlaqə saxladıq. O, baku.ws-ə açıqlamasında bildirdi ki, yolda istənilən işlər görüləndə Yol Hərəkəti Haqqında qanunun 71-ci maddəsində göstərilən bütün tələblərə ciddi əməl olunmalıdır.

"Həmin tələblərdə göstərilir ki, iş görülərkən qabaqcadan xəbərdarlıq nişanları qoyulmalıdır. Həmin nişanlar təmir gedən yol barədə xüsusi lövhələr qoyulur.

Panduslar və işıqqaytaran sistemlər qoyulmalıdır, işıqlandırma təmin edilməlidir. Nişanlar iş görülən ərazidən 100 metr qabaqda qoyulmalıdır", - deyə Ərşad Hüseynov bildirib.

Ekspert vurğulayıb ki, belə hallarda sürücülər son dərəcə diqqətli olmalıdır:

"Əgər yolda zolaqlardan biri görülən işlərə görə zəbt olunubsa, qabaqcadan işarə qoyulmalıdır ki, həmin zolaq ləğv olunur və hərəkət digər xəttə keçir.

Yolun daraldığını xəbər verən işarələr olmalıdır. İş görənlər qurum tərəfindən yaxşı təlimatlandırılmalıdır. Onlar hərəkət təmin olunan yola çıxmamalıdırlar. Üzərlərində işıqqaytaran sistemlər olmalıdır. Yolda avtomobil varsa, onun üzərində sarı yanıb-sönən işıqlar olmalıdır.

Təmir və digər işləri təhlükəsizlik baxımından günün uyğun saatına salınmalıdır. Hərəkət intensivliyi nisbətən aşağı vaxta salınmalıdır.

Təmir və yaxud digər işi görən qurum əvvəlcədən digər dövlət qurumları ilə razılaşdırmalar aparmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polis İdarəsi ilə razılaşdırılmalar aparılmalıdır. Bu 3 qurumun razılığı olmadan işlər aparılmamalıdır".


Etiketlər:  Bakı yollarında ölüm saçan təmizlik işləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ