Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa qarşı effektiv vaksin - "Sinovac"in peyvəndi sınaqdan keçmiş vasitədir

Koronavirusa qarşı effektiv vaksin -

Tarix: 16 May 2021 14:51

Dünyada Covid-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər içərisində "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" peyvəndi xüsusilə fərqlənir. "Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir. Şirkət vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan Covid-19 xəstələrindən nümunələr götürüb. Bütün məlum olan vaksinlər kimi, "CoronaVac" da iki dozada vurulur. Sinqapurun Nanyang Texnologiya Universitetinin dosenti Luo Dahai xarici mediaya bildirib ki, "CoronaVac" peyvəndi daha "ənənəvi" üsulla hazırlanıb.

Əsas üstünlüyü nədir?

"Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. "Oxford-AstraZeneca" peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, digər bir peyvənd olan "Moderna"nı mənfi 20 dərəcədə, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur. Bu o deməkdir ki, həm Sinovac, həm də "Oxford-AstraZeneca" peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.

Nə qədər təsirlidir?

Birinci və ikinci mərhələdə iştirak edən ümumilikdə 744 nəfərin nəticələrinə əsasən, peyvənd "təcili istifadə üçün əlverişli olub". Ölkədə 34 milyon insan vaksinin iki dozasını aprelin 1-nə kimi alıb. Təxminən 65 milyon insan peyvəndin bir dozasını alıb. Vaksinin üçüncü mərhələsinin nəticələri müxtəlif ölkələrdə fərqli rəqəmlər göstərib. Türkiyədə aparılan testlər peyvəndin 91.25 faiz effektiv olduğunu göstərib. İndoneziyada göstərilən nəticə isə, 65,3 faiz olub. Braziliyadakı son araşdırmada bu rəqəmin 50.4 faiz olduğu deyilsə də, əvvəlcə bu rəqəm 78 olaraq səsləndirilib. Sonradan tədqiqatçılar deyiblər ki, müəyyən rəqəmlər nəticəyə əlavə edilməyibmiş. Braziliyalı alimlər Sinovac vaksininin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.4 faiz effektiv olduğunu bildiriblər.

Vaksinin əks-təsirləri varmı?

"Sinovac" vaksini Çində iyul ayından bəri yüksək risk qrupunda olan insanlar üçün təcili hallarda istifadə üçün təsdiq edilib. Sinovac şirkətinin təmsilçisi olan cənab Yin sentyabr ayında deyib ki, 1000 könüllü üzərində testlər aparılıb və onlardan 5 faizindən çox olmamaqla bəzilərində "az yorğunluq və ya narahatlıq" qeydə alınıb. "The Lancet" elmi jurnalında deyilir ki, müxtəlif dozalarda "CoronaVac" vaksini vurulan insanlar peyvəndlənməni "yaxşı keçiriblər".

Peyvəndin uşaq və ya hamilələrdə göstərdiyi nəticələr barədə məlumatlar hələlik açıqlanmayıb. TƏBİB bu istiqamətdə hələ araşdırmalar aparılmadığına görə hamilələrə peyvənd vurdurmamağı tövsiyə edib.

Hansı ölkələr hansı vaksini alıb?

Sinovac peyvəndinin ilk partiyası dekabrın əvvəllərində İndoneziyaya çatdırılıb. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və bir neçə digər ərəb ölkəsi Sinopharm vaksinini təsdiq edib. Sinqapur isə Sinovac, Moderna və Pfizer-BioNTech vaksinlərinin hamısı ilə razılaşmaya gəldiyini bildirib. Azərbaycan, Türkiyə, Braziliya, Çili və bəzi digər ölkələr Sinovac peyvəndini seçib. 13 apreldə CoronaVac vaksinin tətbiqinə Ukraynada start verilib. Ölkəyə artıq bu vaksinin 215 min dozasının gətirildiyi bildirilir. Hazırda vaksin Zimbabve, Somali, Cibuti, Benin və Tunis kimi bır sıra Afrika ölkələri tərəfindən də alınıb. Sinovac şirkəti yeni inşa edilmiş zavodunda ildə 300 milyon doza vaksin istehsal edə biləcəyini bildirib. Vaksinlər iki dozada vurulduğu üçün bu, ildə sadəcə 150 milyon insanın bu peyvəndlə təmin edilə biləcəyi deməkdir. CoronaVac peyvəndinin tətbiqi 22 ölkədə təsdiq edilib. Daha 7 ölkədə isə onun sınaqları aparılır, bu barədə dünya boyunca vaksinlərə dair məlumatı izləyən covid19.trackvaccines.org saytı bildirir. Aprel ayına olan məlumata görə, Çində 100 milyondan çox insan ən azı bir doza ilə vaksinasiya olunub.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Koronavirusa qarşı effektiv vaksin Sinovacin peyvəndi sınaqdan keçmiş vasitədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ