Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq

Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq

Tarix: 18 May 2021 20:56

Neçə dil bilirsənsə, daxilində bir o qədər şəxsiyyət daşıyırsan. Yəqin ki bu deyimi eşitmisiz. Eşitməmisizsə, bu fikri belə izah edə bilərəm. Dil öyrənmək həmin dildə danışan insanların mədəniyyətini, tərbiyəsini, dünyagörüşünü, tarixini, coğrafiyasını, düşüncə tərzini öyrənməkdir. Məhz buna görə də insan nə qədər çox dil bilirsə,cəmiyyətdəki nüfuzu bir az da artır. Hər yeni dil həm şəxsi, həm də peşəkar sferada bizim qarşımızda yeni imkanlar açır.

Milli.Az ted.az-a istinadən bildirir ki, sizinlə xarici dil öyrənmək üçün istifadə olunan, şəxsən sınaqdan keçirdiyim ən yaxşı mobil tətbiqlərdən söhbət açacaöıq. Tətbiqlərdən biri isə özümə aiddir. Azərbaycan dilində İngiliscə sözlər öyrənmək üçün heç bir app olmadığına görə bir müddət öncə LingoMax adlı mobil tətbiqi iOS istifadəçilərinin istifadəsinə vermişik.

Beləliklə, əgər qısa zamanda yeni bir dilə yiyələnmək istəyirsinizsə aşağıda qeyd etdiyim 7 ən yaxşı tətbiqi siz də mütləq yoxlayın:

Duolingo (Android, iPhone, iPad)

Duolingo dünyada ən çox tövsiyə olunan dil öyrənmə tətbiqidir. 200 milyondan çox qeydiyyatlı istifadəçisi olan bu tətbiqlə dil öyrənmək çox əyləncəlidir. Duolingo ən yaxşı pulsuz İngilis dili öyrədən tətbiqlərdən biri hesab olunur. Burada dərslər bir sıra fəaliyyətlər, oyunlar şəklində keçirilir. Gündə cəmi 20 dəq. sərf etməklə İngilis dilini həm maraqlı, həm də tez bir zamanda öyrənə bilərsiniz.

Duolingo sizə yeni sözləri, ifadələri və qrammatik qaydaları oyun oynayaraq öyrədəcək. Digər tərəfdən bu tətbiq dərsləri tamamlamağınız üçün sizə motivasiya da verəcək. App sizin gündəlik fəaliyyətinizi izləyir, hər dərsin sonunda irəliləyişiniz barədə hesabat təqdim edir.

Duolingo Plus istifadəçiləri Duolingo mobil tətbiqindən offline istifadə etmək üçün dərsləri yaddaşa vermək funksiyasından istifadə imkanı qazanırlar.

(Android, iPhone, iPad)

Busuu dil öyrənmək üçün tövsiyə olunan ən yaxşı app-lərdən biridir və İngilis dilinə yeni başlayanlar üçün çox yaxşıdır. Tətbiqi dilşünaslar hazırlayıb. O, insan ünsiyyətini süni intellekt sayəsində öyrətmə metodları ilə birləşdirərək öyrənməni sürətləndirir.

Bu mobil tətbiq vasitəsilə dünyada 90 milyondan artıq insana 12 dil kursu təqdim olunur. Busuu dərslərində normal kurslarda olduğu kimi oxuma, yazma, danışıq, sözlərin düzgün yazılışı və dili ifadə etmə öyrədilir.

İngilis dili danışığınızı inkişaf etdirmək üçün Busuu-da ingilisdilli insanlarla söhbət edə, bundan əlavə, dil öyrənən digər şəxslərə rəy bildirə və dili sizdən daha yaxşı bilən şəxslərdən rəy ala bilərsiniz.

Busuu sizə İngilis dilini mükəmməlləşdirmək üçün bütün imkaları yaradır. İnternet qoşulması istər olsun, istərsə də olmasın dərsləri yükləyərək istədiyiniz zamanda və məkanda dərslərinizi həll etmək imkanınız olacaq. Busuu kursu vasitəsilə keçdiyiniz dərslərin necə irəlilədiyini, tamamlama faizini visual olaraq izləyə biləcəksiniz. Bundan əlavə, həftəlik olaraq ötən 7 gün ərzində qazandığınız nailiyyət hesabat şəklində sizə təqdim olunur.

Busuu komandası öyrənmə metodologiyasının tez-tez qiymətləndirməsini aparır. 2016-cı ildə onlar Nyu Yorkun Siti Universiteti və Cənubi Karolina Universiteti ilə birgə müstəqil tədqiqat həyata keçirib, dərslərin mənimsənmə səviyyəsini ölçüb. Tədqiqat nəticəsində aydın olub ki, Busuu-da 22 saat dərs keçmək universitetdə bir semestr dil öyrənməyə bərabərdir.

LingoMax (iPhone, iPad )

İngilis dilini ən asan yolla öyrənmə vasitəsi!

Bu tətbiq vasitəsilə siz ingilis dilini əyləncəli oyun formatında öyrənə bilərsiniz. LingoMax-ın təkrarlama sistemi və sözləri yadda saxlamaq üçün xüsusi texnikaları var ki, bu texnikalar sayəsində siz dilin əsaslarını sürətli formada öyrənib, lüğətinizi genişləndirə bilərsiniz.

Əsas texnikalardan biri gündə cəmi bir neçə dəqiqə istifadə etməklə 8 yeni söz öyrənməkdir. Prosesi hər gün təkrarlamaq iki aya lüğət bazanıza 500-ə yaxın söz əlavə edəcək. LingoMax-da ingilis dilini istənilən səviyyədə bilən hər bir şəxs nəzərə alınıb. İngilis dilini hansı səviyyədə bilirsinizsə bilin, burada sizin üçün öyrənməyə mütləq yeni sözlər olacaq. Tətbiqdə istifadəçilərə 38 mövzu üzrə hər səviyyəyə uyğun sözlər öyrədilir. Bütün söz və ifadələri ingilis dili ana dili olan şəxslər səsləndirdiyinə görə həm dinləmə, həm də düzgün tələffüz etmə qabiliyyəti inkişaf etdirilir.

Bu tətbiqin bir üstünlüyü də ondan ibarətdir ki, faydalı statistikalar sizə nail olduğunuz nəticələri izləməyə imkan yaradacaq, müsbət nəticələr öyrənmə motivasiyanızı artıracaq. Və bütün bu imkanlar sizə 3 günlük tamamilə pulsuz təqdim olunur.

Əlbəttə ki, bütün tətbiqlərdə olduğu kimi bu tətbiqin də premium versiyası mövcuddur. App daxilində bütün funksiyalara giriş əldə etmək üçün aylıq cəmi 9.99 dollar ödəməklə LingoMax-a abunə olmaq olar.

Babbel (Android, iPhone, iPad)

Babbel proqramında öyrənmək üçün 14 müxtəlif dil təqdim olunur. Babbel-in əsas hədəfi əsasən xarici dildə söhbət bacarıqlarını inkişaf etdirməyə və söz ehtiyatını artırmağa yönəlib. O, həmçinin istifadəçilərə ifadələri təkrar etdirərək dili öyrənməyi asanlaşdıra bilər.

Babbel kəmiyyətdən çox keyfiyyətli öyrənməyə üstünlük verir. Tətbiqin 4 fərqli yanaşması mövcuddur: səs tanıma, şəkil tanıma, düzgün yazılış və nöqtələrin yerini doldurma. Burada həmçinin hədəf sistemi var. Bu sistemə əsasə istifadəçilər qarşılarına hədəf qoyub, daha sonra dil öyrənmə inkişafını izləyə bilərlər.

Dərslərin mövzuları özünü təqdim etmək, yemək sifarişi vermək, səyahət planlaşdırmaq kimi gündəlik həyatdakı ünsiyyət ehtiyaclarını qarşılamağa yönəlib. Bu da

Babbel tələbələrinin tez bir zamanda rahat ünsiyyətə girməsinə kömək edir.

Rosetta Stone (Android, iPhone, iPad)

Rosetta Stone bu gün app marketlərdə olan dil öyrənmə tətbiqlərinin çoxundan fərqlənir. O, sizə ingilis dilini elə sadə üsulla öyrədəcək ki, sanki bir uşağın dili öyrəndiyi kimi. Burada əsas sözləri öyrənmək üçün çalışmalar var.

Rosetta Stone illərdir ki, insanlara dil öyrətmək üçün fərqli dərs metodlarından istifadə edir. Bu platforma daxilində bütün sözlər, ifadələr və audiolar hamısı İngilis dilindədir.

Bundan başqa, bu tətbiqdə siz dərsləri canlı müəllimlərlə keçə bilərsiniz. İngilisdilli insanlarla təcrübə keçmək isə böyük bonusdur. Tətbiqdə olan nitq tanıma texnikası sayəsində siz yalnış dediyiniz sözləri düzəldəcəksiniz.

British Council - Learn English Grammar (Android, iPhone, iPad)

Learn English Grammar ingilis dilini öyrənmək üçün istifadə olunan sadə bir tətbiqdir. Bu tətbiq vasitəsilə sz qrammatikanızı inkişaf etdirə biləcəksiniz. Tətbiqdə bütün səviyyələr üzrə öyrənənlər üçün qrammatikaya aid 12 mövzu, hər mövzuya uyğun 20 fəaliyyət var.

Tandem (Android, iOS)

Xarici dilləri doğma dil daşıyıcıları ilə söhbət edərək pulsuz öyrən!

Tandem milyonlarla üzvü olan ən böyük dil mübadiləsi icmasıdır. Siz burada öyrənmək istədiyiniz yeni dili doğma dil daşıyıcısı ilə növbəti səviyyəyə yüksəldə bilərsiniz. Bunun üçün sadəcə Tandem-də özünüzə bir dost tapıb, onunla yazılı və səsli danışmaq lazımdır.

Burada 160-dan artıq dil üzrə lüğətinizi genişləndirə, tələffüzünüzü mükəmməlləşdirə, qrammatika qaydalarını öyrənə, eyni zamanda da müxtəlif mədəniyyətlərlə tanış ola bilərsiniz. Ciddi qaydaları unudub, öz şəxsi öyrənmə tərzinizi yaradın. Mesajlaşın, zəngləşin, hətta dostlaşıb, şəxsən görüşə də bilərsiniz.

Daha ciddi şəkildə hazırlaşmaq istəyirsinizsə, burada hər dil üzrə sertifikatlaşmış dil mütəxəssisləri tapacaqsınız.

Qeyd etdiyim tətbiqlər şəxsi təcrübəm əsasında ən yaxşı hesab etdiklərimdir. Bəs siz dil öyrənmək üçün hansı tətbiqlərdən istifadə edirsiniz? Bu tətbiqlər sizin dil səviyyənizi irəli aparmağa kömək olub? Şərhlərdə fikirlərinizi bölüşməyi və bloqumu izləməyi unutmayın.

Milli.Az


Etiketlər:  Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq


RƏYLƏR