Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 12:39
"Ölkə Prezidenti tərəfindən Ağdamda sənaye parkının yaradılması ilə bağlı qəbul edilmiş qərar hesab edirəm ki, dövlət başçısının bundan öncə bildirdiyi tezisin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir".
Bunu Sonxeber.net-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, Ağdam sənaye parkı Azərbaycanın ixrac potensialının daha da artırılmasına şərait yarada bilər:
"Dövlət başçısı bildirmişdi ki, işğaldan azad olunan ərazilərdə yeni iqtisadi idarəetmə sistemi qurulmalıdır və bu sistem tədricən bütün ölkədə öz əksini tapmalıdır. Belə ki, Ağdamda yaradılan sənaye parkı işğaldan azad olunan ərazilərin sosial, iqtisadi, dayanıqlı məzmun alması ilə bağlı önəmlidir. Burada söhbət yüksək texnoloji tutumlu məhsuların istehsalından gedir. Bu isə sözsüz ki, yüksək əməkhaqqı tutumlu yeni iş yerlərinin açılması, yeni regional iqtisadi inkişafa dəstəyin verilməsi, birbaşa investisiyaların iqtisadiyyatda həcminin artırılmasıdır. Nəzərə aldıqda ki, regional iqtisadi proseslər inteqrasiyaya doğru istiqamətlənməkdədir və bölgədə yeni geosiyasi, iqtisadi reallıqlar formalaşır, bu, Azərbaycanın ixrac potensialının reallaşdırılması istiqamətində də müsbət nəticələrə imza atmasına şərait yarada bilər.
Eyni zamanda, ölkədə idxalın əvəz olunması, idxaldan asılılığın azaldılması siyasəti olduqca zəruridir və bu baxımdan da Ağdamda yaradılan sənaye parkının potensialının istifadə edilməsi önəmlidir ki, bunun nəticəsində biz yerli məhsullarla daxili bazarın təmin olunmasını faktiki olaraq dəstəkləmiş olarıq. Bu da olduqca mühüm və lazımlı istiqamətdir. Hesab edirəm ki, bu gün Azərbaycanda idxalın xüsusi çəkisinin artırılması ilə bağlı böyük imkanlar var və Ağdamın sənaye parkının da və bütövlükdə sənayeləşmənin də bu istiqamətdə mühüm rol oynayacağını proqnozlaşdırmaq olar".
Təhməz Əsədov