Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 23:02
Qırx dörd günlük Zəfər yürüşündə iştirak edən qəhrəmanlarımızdan biri də Amin Əmiraslanovdur. Könüllü olaraq Vətən müharibəsinə yollanan Amin döyüşlərdə göstərdiyi şücaəti ilə seçilib. Qubadlı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Saatlı rayon Potubəyli kəndindən olan Amin 1991-ci il iyulun 1-də dünyaya göz açıb. Kənddə böyükdən kiçiyə hər kəsin sevgisini qazanan Amin həqiqi hərbi xidmətini Tərtərdə keçib. O, snayperçi idi. Xidmətdə fərqləndiyinə görə fəxri fərmanla təltif edilib. Xidmətini bitirdikdən sonra isə doğma yurdu Saatlıya geri dönüb.
Şəhid atası Vaqif Əmiraslanov bildirir ki, iyul hadisələri zamanı Amin könüllü olaraq səfərbərlik xidmətində qeydiyyatdan keçib. Vətən müharibəsi başlayanda ona çağırış gəldi, sevincinin həddi-hüdudu yox idi. İlk döyüş yolu Füzuli istiqamətindən başlayan Amin şücaəti ilə seçilib. Könüllü olaraq xüsusi təyinatlıların tərkibində döyüşə qoşularaq bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Amin Cəbrayıl uğrunda gedən döyüşlərdə də fəallıq göstərib. Noyabr ayının 4-də Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhid Amin haqqında danışan əmisi Bəybala Əmiraslanov deyir ki, elinə-obasına bağlı olan Aminin arzusu topraqlarımızı azad görmək olub. Elə bu amalla Vətən müharibəsində bir an belə tərəddüd etmədən döyüşlərə qoşulub.
Aminin qardaşı Kərəm Əmiraslanov da evin sonbeşiyi olan qəhrəman haqqında qürurla danışır. "Cəbrayıl uğrunda döyüşlərin birində Amin yaralansa da geri çəkilməyib. Daha sonra bir neçə əməliyyatda iştirak edərək Qubadlıyadək döyüş yolu keçib. Hətta Milli Qəhrəman Şükür Həmidovla çiyin-çiyinə döyüşənlərdən biri olub. Son damla qanına qədər qəhrəmancasına döyüşən Amin Qubadlıda Vətən üçün son tapşırığını yerinə yetirib və şəhadətə ucalıb", - deyə o bildirib.
Amin doğulub boya-başa çatdığı Potubəyli kəndində torpağa tapşırılıb. O, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Qeyd edək ki, Potubəyli kəndinin Vətən müharibəsində tək şəhidi Amindir. İndi Aminin xatirəsinə kəndin girişində abidə də ucaldılıb.