Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sabah”ın uşaq futbolu xorvatlara həvalə olundu – detallar

“Sabah”ın uşaq futbolu xorvatlara həvalə olundu – detallar

Tarix: 5 Avqust 2019 11:28

“Sabah” klubu Xorvatiya “Dinamo”su (Zaqreb) ilə imzaladığı əməkdaşlıq müqaviləsinin detallarını açıqlayıb.

Qol.az xəbər verir ki, klub rəsmi saytına vasitəsi ilə bildirib ki, aanlaşmaya əsasən, “Sabah” Futbol Akademiyası Xorvatiyanın ən böyük futbol məktəbi olan “Dinamo” Futbol Akademiyasının təcrübəsindən bəhrələnəcək. Bu əməkdaşlıq “Sabah”a yeni oyunçular yetişdirmək, klubun akademiyasının məşqçilərinin təcrübəsini artırmaq istiqamətində böyük imkanlar verəcək.

Klublar arasında imzalanmış müqaviləyə əsasən, “Sabah” FA-nın və “Vətən” FM-nin sistemini “Dinamo” FA müəyyənləşdirəcək. Məhz Zaqreb təmsilçisinin akademiyasından cəlb olunmuş mütəxəssislər akademiyada yeni, Avropa standartlarına uyğun sistemin formalaşmasını təşkil edəcəklər.

“Sabah” və “Dinamo” arasında əməkdaşlıq bir neçə istiqaməti əhatə edəcək. Onlardan bəziləri aşağıdakılardır:

“Dinamo” Futbol Akademiyasının mütəxəssisi Adino Mustedanaqiç “Sabah” futbol məktəbinin koordinatoru olacaq. O, yeni sistemin akademiyaya tətbiq edilməsinə birbaşa nəzarət edəcək. Mustedanaqiçlə yanaşı, fiziki hazırlıq üzrə mütəxəssis və bir məşqçi ilə 3 illik müqavilə bağlanacaq. Hər 3 mütəxəssis bu müddət ərzində ölkəmizdə yaşayaraq, akademiyada daimi fəaliyyət göstərəcəklər.

Əməkdaşlıq çərçivəsində “Dinamo” FA-nın məşqçilərinin akademiyada çalışması, öz biliklərini yerli məşqçilərlə paylaşması planlaşdırılır.

Akademiyanın uşaqları “Dinamo” FA-da təcrübə keçmək fürsəti qazanacaqlar. “Sabah”ın aşağı yaş qrupları “Dinamo”nun təşkil etdiyi nüfuzlu turnirlərdə iştirak etmək imkanı əldə edəcəklər. “Dinamo” FA-nın sistemi tədricən “Sabah” FA və “Vətən” FM-a  tətbiq ediləcək.
 
İki klub arasında anlaşma “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda gerçəkləşib. Tədbirdə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov, klubun seleksiya xidmətinin rəhbəri İlqar İsrafilov, “Dinamo” klubunun prezidenti Mirko Barişiç, idarə heyətinin sədri Vlatka Peras, idarə heyətinin üzvü Amra Peternal, futbol məktəbinin direktoru Damir Krznar və onun köməkçisi Andelko İvanjko iştirak ediblər.

Tədbirin sonunda “Sabah” FK prezidenti Maqsud Adıgözəlov və “Dinamo” FK prezidenti Mirko Barişiç bir-birinə klub atributlarını təqdim ediblər.

Qarşıdakı günlərdə “Dinamo” və “Sabah” arasında əməkdaşlıq barədə daha dolğun məlumat verilməsi istiqamətində mətbuat konfransının təşkil edilməsi nəzərdə tutulub.

 


Etiketlər:  Sabahın uşaq futbolu xorvatlara həvalə olundu detallar


RƏYLƏR