Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı gənci öldürən polis Rusiya İstintaq Komitəsi rəhbərinin tələbi ilə azadlığa buraxılıb

Azərbaycanlı gənci öldürən polis Rusiya İstintaq Komitəsi rəhbərinin tələbi ilə azadlığa buraxılıb

Tarix: 4 Iyun 2021 23:12

Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullaevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlama verib.

"Bu gün Rusiya İstintaq Komitəsinin sədrinin tapşırığı ilə polis əməkdaşı barəsində seçilmiş həbs-qətimkan tədbiri ərazini tərk etməmək tədbiri ilə əvəzlənib və düzgün davranış kimi qiymətləndirilib", - deyə Petrenko jurnalistlərə bildirib.

Bundan əvvəl o qeyd edib ki, A.Bastrıkin V.Abdullayevi tapança ilə ölümcül yaralayan yol müfəttişinə qarşı iş açmış İstintaq Komitəsinin Novosibirsk vilayəti üzrə İstintaq İdarəsinin əməkdaşları barədə araşdırma başladılmasına təşəbbüs edib.

Bundan başqa, Petrenko bildirib ki, məsələ ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318, 319-cu maddələri (dövlət məmuruna qarşı zor tətbiq etmə; dövlət məmurunu təhqir etmə) maddələri ilə cinayət işi başladılıb.

"Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb" - deyə Komitə nümayəndəsi bildirib.

Qeyd edək ki, may ayının 28-də Novosibirsk vilayətinin Moşkovski rayonundakı R-255 "Sibir" magistral yolunun 61-ci km-də "Toyota" markalı avtomobilin sürücüsü yol polisinin "Saxla" tələbinə məhəl qoymayaraq, hərəkətini davam etdirib. Polislər onu təqib etməyə başlayıblar. Avtomobil yol kənarındakı mehmanxananın qarşısında dayanıb. Bir neçə nəfər avtomobildən düşərək qaçmağa çalışıb. Polis həmin şəxslərdən birini tutaraq patrul avtomobilinə aparıb. Bu zaman qaçanlardan ikisi geri qayıdıb və polisə müdaxilə etməyə çalışıb, onlardan biri baş verənləri videoya çəkib, ikincisi - 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev isə yoldaşını polislərin əlindən almağa çalışıb.

Polis V.Abdullaevi bir neçə dəfə vurub, ardınca isə tapançanı çıxararaq ehtiyatsızlıqdan ona atəş açıb. Nəticədə V.Abdullaev başından yaralanıb və xəstəxanada keçinib.

Sonradan məhkəmə polis əməkdaşının həbsi barədə qərar verib.


Etiketlər:  Azərbaycanlı gənci öldürən polis Rusiya İstintaq Komitəsi rəhbərinin tələbi ilə azadlığa buraxılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ