Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2020: Bakıdakı tarixi oyun heç-heçə bitdi - YENİLƏNİB - VİDEO - FOTO

AVRO-2020: Bakıdakı tarixi oyun heç-heçə bitdi - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 12 Iyun 2021 19:24

18:59

AVRO-2020-nin qrup mərhələsinin I turu davam edir.

Milli.Az bildirir ki, ikinci oyun gününə Bakıda start verilib.

Azərbaycan tarixdə ilk dəfə Avropa çempionatının oyununu qəbul edib. Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gəlib.

Qarşılaşmanın ilk 45 dəqiqəsi isveçrəlilərin üstünlüyü şəraitində keçib. Topa nəzarət edən Vladimir Petkoviçin yetirmələri qol imkanları yaratsa da, bundan istifadə edə bilməyib. Uelsin azsaylı əks-hücumları təhlükəli, amma nəticəsiz olub.

Bu görüşlə A qrupunda ilk tura yekun vurulub. Bir gün öncə Türkiyəni 3 cavabsız qolla üstələyən İtaliya ilk turdan liderliyi ələ alıb.

İkinci hissəyə də fəal başlayan isveçrəlilər 49-cu dəqiqədə hesabı açıb. Bril Embolo AVRO-2020-nin Bakı Olimpiya Stadionunda ilk qolunun müəllifi olub. Məğlub duruma düşən Robert Peycin yetirmələri hesabda tarazlıq yaratmağa müvəffəq olublar. Lakin Kiffer Murun qolu böyük britaniyalıları məğlubiyyətdən xilas edib. Düzdür, isveçrəlilərin futbolçusu Mario Qavranoviç qol sevinci yaşayıb. Lakin onun sevinci qısa sürüb. Baş hakim Klemen Turpin VAR-ın tətbiqindən sonra qolu ləğv edib. Beləliklə, AVRO-2020-nin ilk heç-heçəsi Bakıda qeydə alınıb - 1:1.

Qeyd edək ki, bu gün AVRO-2020-də daha iki matç keçiriləcək. B qrupunda Danimarka Finlandiya, Belçika Rusiya ilə görüşəcək.

AVRO-2020
12 iyun
I tur, A qrupu
17:00. Uels - İsveçrə - 1:1
Qollar: Kiffer Mur, 74 - Bril Embolo, 49
Baş hakim: Klemen Turpin (Fransa)
Bakı Olimpiya Stadionu

Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (K), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam

Ehtiyat oyunçular: Ueyn Hennessi, Adam Deyvis, Ceyms Laurens, Kris Qanter, Ben Kabango, Riys Norrinqton-Deyvis, Neko Uilyams, Conatan Uilyams, Rubin Koluill, Etan Ampadu, Mettyu Smit, Dilan Lüitt, Devid Bruks, Harri Uilson

Baş məşqçi: Robert Peyc

İsveçrə: 1. Yan Zommer, 2. Kevin Mbabu, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranik Caka (K), 13. Rikardo Rodriges, 22. Fabian Şer, 23. Cerdan Şakiri

Ehtiyat oyunçular: Yonas Omlin, İvon Mvoqo, Loris Benito, Eray Cömert, Jordan Lotomba, Beçir Omeragiç, Silvan Vidmer, Kristian Fassnaxt, Edimilson Fernandeş, Cerdan Şakiri, Cibril Sou, Denis Zakariya, Stiven Tsuber, Ruben Varqas, Mario Qavranoviç, Admir Mehmedi

Baş məşqçi: Vladimir Petkoviç

----------

16:58

AVRO-2020-nin Bakıda keçirilən ilk oyunu öncəsi açılış mərasimi keçirilib.

Milli.Az bildirir ki, tədbir Uelslə İsveçrə arasında keçirilən oyundan bir neçə dəqiqə əvvəl baş tutub.

Mərasimdə Bakı Olimpiya Stadionunda Bakını tərənnüm edən görüntü, Avropa çempionatının kuboku və iştirakçı hər iki komandanın forması dalğalanıb.

Bakı Olimpiya Stadionunda A qrupunda Uelslə İsveçrə qarşılaşır.

Qeyd edək ki, A qrupunun 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu bugünkü oyunla yanaşı, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək.

Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Milli.Az


Etiketlər:  AVRO 2020 Bakıdakı tarixi oyun heç heçə bitdi YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ