Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 12:06
Avropa çempionatında B qrupunun II turuna yekun vurulub.
Sonxeber.net xəbər verir ki, turun növbəti qarşılaşmasında Danimarka və Belçika yığmaları üz-üzə gəlib.
Kopenhagendəki "Parken" stadionunda təşkil olunmuş qarşılaşma Belçikanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı Danimarka millisinin hücumçusu Yussuf Poulsen açıb. 27 yaşlı forvard 1 dəqiqə 39-cu saniyədə fərqlənərək, Avropa çempionatları tarixinin ikinci ən sürətli qolunun müəllifi olub.
Fasilədən sonra "qırmızı şeytanlar" hesabda dönüş etməyi bacarıb. 55-ci dəqiqədə Torqan Azar, 70-ci dəqiqədə Kevin De Bruyne fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.
Bununla da Rusiyanın ardından (3:0) Danimarkanı da yenən Belçika millisi xalını 6-ya çatdıraraq, B qrupunun lideri kimi 1/8 finala növbəti vəsiqəyə sahib çıxıb. İlk vəsiqəni ötən gün A qrupundan İtaliya yığması əldə edib.
B qrupunda II turun digər görüşündə Rusiya Finlandiyaya 1:0 hesabı ilə qalib gəlib. Hazırda bu iki komanda 2-3-cü yerləri bölüşür. III turda Belçika Finlandiyanı, Rusiya Danimarkanı sınağa çəkəcək.