Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2019 12:16
Bakı. Trend:
Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzində iyulun 24-dən avqustun 6-dək 620 abituriyent üçün məsləhət xidməti və texniki dəstək göstərilib. Özlərinin iştirakı ilə 322 abituriyentin ərizəsi təsdiqlənib. Mərkəzə müraciət edənlər arasında ali məktəblərə və 9 illik bazada orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərlə yanaşı valideynlər və subbakalavrlar da olub.
440 vətəndaşa telefonda məlumat xidməti göstərilib. Qəbul prosesi və ixtisas seçimi ilə bağlı elektron poçt vasitəsilə daxil olan məktublar və Azərbaycan Universitetinin rəsmi Facebook səhifəsinə edilən müraciətlər də cavablandırılıb.
Mərkəzin fəaliyyəti mediada geniş işıqlandırılıb.
Qeyd edək ki, Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini sentyabrın 4-dək davam etdirəcək. Avqustun 15-dən 19-dək ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi, yenə həmin tarixlərdə 11 illik bazada orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi olacaq. 9 illik bazada orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi 27 avqust – 2 sentyabr tarixlərində, 11 illik bazada orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi isə 30 avqust – 4 sentyabr tarixləri arasında olacaq.
İxtisas seçimi edəcək abituriyentlər yuxarıda qeyd olunmuş tarixlərdə Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz, Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən yaradılıb və artıq 2 ildir ki, fəaliyyət göstərir.
Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında köməklik və məsləhət xidməti göstərirlər.
Mərkəz həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71
Tel.: (+994 12) 431 41 12 (172), 055 220 40 58
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin