Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 11:50
"Bir də şansım olsa, heç vaxt bu sənəti seçmərəm. Çox çətin sənətdir. Paxıllıqlar var. Düzdür, bu, bütün sahələrdə var, amma bizim sənətdə daha çoxdur. Üzünə gülənlər, arxanca danışanlar sənətidir bura. Bu camiyədə vicdanlı, şərəfli olmaq təəssüf ki, kök altındadır. Baxmayaraq ki, Xalq artistiyəm. Bax, bu nüanslara görə hərdən bu sənətdən uzaqlaşmaq istəyirəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Samir Cəfərov "Üzə-düz" proqramında deyib. Müğənni sənətdən yorulduğunu, peşman olduğunu deyib:
"Qəlbimi qırırlar, amma hər kəsin öz qisməti var. Heç kim qismətindən artığını görmür. Qismət həm də insanın xarakteridir. Xarakterdə yaltaqlıq, xəyanət varsa, o da bir qismətdir. Ad üçün çalışmadım. Sənət üçün çalışdım. Mənə deyirlər, Rəşid Behbudovun, Bülbülün davamçısı. O sözdən heç xoşum gəlmir. O sözü deyən adam Rəşidə də, Bülbülə də çox böyük hörmətsizlik edir. Davamçı o deməkdir ki, o, hansı işi yarımçıq qoyub, onu davam etdirirlər. Mən o fikirlə razı deyiləm. Diktor Rafiq Hüseynov, Roza Cəlilovanın davamçısı ola bilməz! Onlar heç bir işi yarımçıq qoymayıb".
S.Cəfərov Əməkdar artist Sevda Ələkbərzadədən bəhs edib:
"Azərbaycanda avropalılar, dünya üçün Sevda Ələkbərzadə qədər maraqlı ifaçı ola bilməz. Yoxdur. Kimsə çıxsın səhnəyə bütün dünyanı lərzəyə gətirsin, yox. Sevda Avropa, dünya estrada janrını mənimsəyib, muğam janrını da əlavə edə bilir. Azərbaycanı estrada tərəfdən dünyada təmsil edəcək müğənni Sevda Ələkbərzadədir. İkinci bir şəxs görmürəm. Sevda Ələkbərzadə onların edə bilmədiklərini edir, onlardan da yaxşı edir. Bu gün Sevdanın maddiyyatı güclü olsaydı, o indi dünyanı tutmuşdu. O adamın tamaşaçısı yoxdur. Onun zövqündə tamaşaçı yoxdur, nə etmək olar?".