Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstriya Milli Kitabxanası istifadəçilərə “mətn oxuyan eynəklər” təklif edir

Avstriya Milli Kitabxanası istifadəçilərə “mətn oxuyan eynəklər” təklif edir

Tarix: 4 Iyul 2021 19:22

Avstriya Milli Kitabxanası gözdən əlillər və görmə zəifliyi olan istifadəçilərin kitabxananın zəngin fondundan yararlana bilmələri üçün yeni imkan təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kamera və miniatür səsgücləndirici ilə təchiz edilmiş xüsusi eynəklər vasitəsilə istifadəçilər kitablardan istifadə edə biləcəklər. Digər oxuculara maneə olmamaq üçün bu istifadəçilərə, eləcə də disleksiyadan əziyyət çəkən oxuculara xüsusi kabinələr ayrılacaq və "mətn oxuyan eynək" barmaq tuşlanmış səhifədəki mətnləri səsləndirəcəkdir.

İsrailin "OrCam" şirkətinin istehsalı olan və süni zəkaya əsaslanan eynəklərdə səsin yüksəkliyi və mətnin oxunma sürətini fərdi şəkildə nizamlamaq mümkündür. Eynək müasir tipoqrafik şriftlə yazılmış istənilən mətni tanıya bilir və hazırda alman, ingilis və fransız dilindəki mətnlərin səsləndirilməsi üzrə proqramlaşdırılıb.

Eynəyin funksiyaları sırasına insan üzünün tanınması və monitorda əks olunan mətnlərin oxunması da daxildir.

Avstriya Milli Kitabxanasından bildirilib ki, istifadəçilər üçün pulsuz təqdim ediləcək eynəklərin sınaq dövrü altı ay çəkəcəkdir. Əldə edilən təcrübənin qiymətləndirilməsindən sonra eynəklərdən daimi əsasda kitabxananın oxu zallarında saxlanılması nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Avstriya Milli Kitabxanası istifadəçilərə mətn oxuyan eynəklər təklif edir


RƏYLƏR