Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın nə istədiyini ən yaxşı Paşinyan bilir

Azərbaycanın nə istədiyini ən yaxşı Paşinyan bilir

Tarix: 6 Iyul 2021 12:58

Ermənistanın Füzuli və Zəngilan ərazisində basdırılan 92 min mina xəritəsinin Azərbaycana təqdim etməsi regional sabitlik və təhlükəsizliyin təmini üçün mühüm addım ola bilər. Bu hadisə dinc sakinlərlə yanaşı, regiona səfər edən jurnalistlərin də təhlükəsizliyinin təminatçısına çevrilə bilər. Şübhəsiz ki, rəsmi İrəvanı bu addımı atmağa vadar edən əsas məsələ kimi Prezident İlham Əliyevin bütün mina xəritələrinin verilməsi ilə bağlı prinsipial mövqeyini qeyd etmək olar. Bunu dövlət başçısı bir çox ölkələrin yeni səfirlərinin etimadnaməsini qəbul edərkən onlarla keçirdiyi görüş zamanı da qeyd etmişdi: "Ermənistan əgər bütün mina xəritələrini təqdim etməsə, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək". 

Tank və piyada əleyhinə təxminən 190 minlik mina xəritələrinin alınması 44 günlük müharibədən sonra mina partlayışından həyatlarını itirənlərin siyahısına yeni adların əlavə olunmayacağı ümidlərini artırır. İrəvanın digər işğaldan azad edilən ərazilərlə bağlı da analoji addımlar atacağı gözləniləndir. Parlament seçkilərindən növbəti dəfə qalib ayrılan Nikol Paşinyan bu gün hələ ki yeni höküməti formalaşdırmaqdan da vacib məsələ - onun əl-ayağına ilişənləri dövlət qurumlarından, ordudan uzaqlaşdırmaqla məşğuldur. O, beləcə istədiyi şəxslərdən ibarət hökümət formalaşdırmaq və növbəti mərhələdə sülh müqaviləsini imzalamaq üçün zəmin yaratmağa başlayıb. İstər mina xəritələrinin verilməsi, istərsə də dediyimiz hazırlıq prosesləri əslində Azərbaycana münasibətdə humanistlik və yaxud jest deyil. İşğal altında olan əraziləri minalamaq və 100-dən artıq insanın ölümünə səbəb olmaq özü beynəlxalq cinayətdir. Ermənistan bu cür cinayətlərin azalmasına gətirib çıxaracaq addımlar atmağa məcbur edilirsə, o zaman həmin addımları humanizmin göstəricisi hesab etmək yersizdir. Erməni tərəfinin "humanizmini" 30 il ərzində tarixi, dini və mədəni abidələrimizə, şəhər və rayonlarımıza tutulan divan prizmasından artıq bütün dünya şahiddir.  

Ermənistanın işğalçılıq siyasətinə son qoyan II Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar keçmişə deyil, məhz gələcəyə hesablanmış strateji layihələrin önəmini sürətlə artırır. Azərbaycanın siyasi, iqtisadi, hərbi gücü geosiyasi və geoiqtisadi inkişafın istiqamətini müəyyən edən əsas faktor olmaqla yanaşı, həm də qarşılıqlı əməkdaşlığın yol xəritəsini formalaşdırır. Bu amilin Ermənistanın bir dövlət kimi gələcəyini müəyyən etmək, varlığının qorunub saxlanılması nəzərindən nə qədər böyük əhəmiyyət kəsb etdiyini Paşinyan qəbul etməyə başlayıb. Elə buna görə də, Paşinyan hökuməti Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın təyin etdiyi şəxslərin respublikanın xarici ölkələrdəki diplomatik nümayəndələrinin işlərindən uzaqlaşdırılmasına qərar verib. Bu hadisəni Ermənistan Müdafiə Nazirliyinin 3-cü korpusunun komandiri Qriqori Xaçaturovun vəzifəsindən kənarlaşdırılması prosesinin davamı da hesab etmək olar. Xaçaturovlar kimi Ara Ayvazyan da Ruisyadakı erməni lobbisinin və keçmiş "Qarabağ klanı"nın adamları olduğundan, onların Ermənistandakı hər hansı bir vəzifədə olması Paşinyan üçün təhlükənin sovuşmadığı mənasını daşıyırdı. Nikol Paşinyan daha güvənli hökümət qurmaq və gələcək qərarlarında hər hansı bir manipulyasiya ilə qarşılaşmamaq üçün təmizlik işləri aparır. Heç şübhəsiz ki, bu amil rəsmi Bakının da xeyirinədir. Sərhədlərin delimitasiya, demarkasiyasının tez bir zamanda bitməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını sürətləndirəcək ki, sülh sazişindən sonra isə nəzərdə tutan nəqliyyat dəhlizləri və kommunikasiyaların açılması məsələsi daha sürətli şəkildə həyata keçə bilər. 

Azərbaycan Prezidentinin poskonflikt dövrünə aid konseptual proqramı Vətən müharibəsində qazanılan və bölgənin vizionunu dəyişən möhtəşəm qələbənin davamıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Ermənistansız da bölgədə istədiyinə nail ola bilib, bütün kommunikasiya layihələrini icra edib, enerji xəttlərini dəmir yollarını çəkib, nəqliyyat layihələrini həyata keçirib. Azərbaycan yürütdüyü siyasətlə bütün regional və bölgəsəl layihələrdən kənar salaraq blokada şəraitində saxladığı Ermənistana 44 günlük Vətən müharibəsindən sonra bir qapı açmaq təşəbbüsünü irəli sürdü. Bu qapı Ermənistan üçün tale yüklü əhəmiyyət daşıyır. Artıq rəsmi İrəvan da bunu anlayır, bilir ki, bu, Ermənistan üçün son şansdır. Ona görə Ermənistan bu prosesə qoşulmaq üçün Azərbaycanın diqtəsindən kənara çıxmağın onlara hansı zərərlər vuracağını bilir. 

Azərbaycan regional və qlobal proseslərdə əsas faktor kimi artıq öz sözünü deyir və mühüm layihələri uğurla icra edir. Kapitulyasi aktı ətrafında hələ də illuziyalar quran Ermənistanın revanşist qüvvələri, siyasi dairələri də artıq Azərbaycanı məqsədinə çatmağa mane ola bilməyəcək. Bölgədə yaranmış son vəziyyəti təhlil edərkən Ermənistanda parlament seçkilərində qalib gələn Paşinyan komandasının müqavimət gücünün tükəndiyini görə bilərik. 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanın istədiyini yaxşı Paşinyan bilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ