Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2021 12:26
Beynəlxalq hüquq və normalarını kobud şəkildə pozaraq Azərbaycana qarşı Ermənistanın qadağan olunan silah və sursatlardan istifadə etməsi bir daha faktlarla sübuta yetirilib. Söhbət Azərbaycan ərazisinə atılan fosforlu mərmilərin Cəbrayıl rayonu ərazisində aşkar olunmasından gedir. Bu fakt onu deməyə əsas verir ki, Ermənistanın illər uzunu hədəfi heç də hərbi obyektlər deyil, məhz mülki şəxslər, qəsəbələr, şəhərlər və kəndlərimiz olub. Tək bir fakt - 44 günlük müharibə vaxtı dəfələrlə müharibə qaydalarını pozub dinc sakinləri hədəfə almasını gördük. Gəncə, Tərtər və s. şəhərlərdə törədilən partlayışlar və onların fəsadları xatirimizdədir. Böyük dağıdıcı gücə malik, istifadəsi qadağan olunan silahların tətbiqi onu deməyə əsas verir ki, bu dövlət üçün müqəddəs heç nə yoxdur.
Yeri gəlmişkən, bu günlərdə erməni vandallığını, beynəlxalq qanunları qulaqardına vurduğunu sübut edən növbəti fakt üzə çıxıb. Dövlət Sərhəd Xidmətinin müraciəti əsasında Azərbaycan Minalardan Təmizləmə Agentliyi işğaldan azad edilən Cəbrayıl rayonu ərazisində müxtəlif vaxtlarda atılan bu mərmilərdən təmizlənməsi prosesinə başlayıb. Agentlik tərəfindən aparılan işlər nəticəsində 157 partlamayan döyüş sursatları, o cümlədən 17 ədəd fosfor mərmisi aşkar edilib. Bu faktlar bizi Azərbaycan XİN-nin 2016-cü ildə qəbul etdiyi bəyanata qayıtmağa sövq edir. Məhz həmin bəyanat Ermənistanın Azərbaycana qarşı istifadəsi qadağan olunan silahlardan istifadə etdiyini göstərmişdi. Belə mərmilərdən istifadə olunması faktı ilk dəfə Tərtər rayonunun Əskipara kəndi ərazisinda qeydə alınmışdı. Hədəfdən yayınan silahın səhvən əkin tarlasına düşməsini Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aşkarlamışdı. Əgər fosforlu mərmi əhalinin sıx məskunlaşdığı əraziyə düşsəydi, çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnə bilərdi.
Təəssüf ki, o zaman da, indi də bu faktlara lazımı beynəlxalq qiymət verilmədi. O zaman Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşları mərminin tapıldığı ərazini təftiş edib, fakt üzrə Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12 (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə cinayət işi başlamışdı.
Şahid ifadələri, hala dair şəkillər, mərminin zərərsizləşdirilməsinə dair videogörüntülər, (sıx ağ tüstülü partlayış) (videoya bu keçiddən baxmaq olar: http://mod.gov.az/index2.php?content=news/2016/20160511_attasecebhe) həmçinin atəşin trayektoriyası və digər təqdim edilən çoxsaylı sübut təsdiq edir ki, Ermənistana məxsus sursat ağ fosfor mərmisidir və Ermənistan silahlı qüvvələrinin yaxınlıqda yerləşən mövqelərindən atılıb. Tərkibində ağ fosfor olan silahlar tənəffüs və həzm yolu ilə orqanizmə daxil olduqda və ya yanmış nahiyələr vasitəsilə sovrulduqda həddən ziyadə zəhərləyici xüsusiyyətə malikdir və insanın sağlamlığı üçün ağır fəsadlar törədə bilər. Belə silahlar dəri ilə təmasda olduqda hətta bəzən sümüyə qədər nüfuz etməklə ağır, qismən və ya tam dərin yanığa və kimyəvi yanıqlara səbəb olur. Dəri vasitəsilə sovrulmuş fosfor insan bədənində kifayət qədər uzun müddət qala bilir və ürək, böyrək, qara ciyərin zədələnməsi, bir sıra daxili orqanların çatışmazlığı və yaxud ölümlə nəticələnir.
Ağ fosfor tərkibli silahları həmçinin, Ermənistanın da 2004-cü ildə qoşulduğu 1997-ci il Terrorçu partlayışlara qarşı mübarizəyə dair Beynəlxalq Konvensiyasına əsasən "alışdırıcı silahlar və ya qurğular" kimi də təsnif edilər bilər. Konvensiya hər hansı "layihələndirilmiş və ya bu imkanlara malik ölümlə nəticələnən, ciddi bədən xəsarəti və yaxud sağlamlığa ciddi ziyan vuran partlayıcı və ya alışdırıcı silah və ya qurğu", yaxud da zəhərli kimyəvi, bioloji agentlər, toksinlər və ya radiasiya təsiri yaradan silaha tətbiq edilir. Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur.
Kamran Seyidov