Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pərakəndə ticarət zamanı ƏDV hansı hallarda ödənməlidir?

Pərakəndə ticarət zamanı ƏDV hansı hallarda ödənməlidir?

Tarix: 19 Iyul 2021 21:22

Pərakəndə satışla məşğul olan sahibkar hansı hallarda ƏDV ödəməlidir və ƏDV necə hesablanır?

Dövlət Vergi Xidmətindən Sonxeber.net-ın sualına cavab olaraq bildirilib ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna sadələşdirilmiş verginin ödəyicisi kimi alınan şəxs verginin məbləğini hesabat rübü ərzində təqdim edilmiş mallara (işlərə xidmətlərə) və əmlaka görə əldə edilmiş hasilatın, habelə satışdankənar gəlirlərin həcminə 2 faiz tətbiq etməklə hesablayır. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan çox olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz tətbiq etməklə vergini hesablamalıdır. Hesablanmış verginin məbləği hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq "Sadələşdirilmiş vergi bəyannaməsi" ilə bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir. Sadələşdirilmiş vergiödəyicisi olan fiziki şəxs sahibkarlıq fəaliyyəti üzrə ƏDV və gəlir vergisindən azaddır.

Bundan başqa, sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan çox olan vergiödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarının təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200 min manatdan çox olduqda, bu əməliyyat artıq ƏDV tutulan əməliyyat sayılır və əməliyyatı həyata keçirən vergiödəyicisi əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə ilə vergi orqanına müraciət etməlidir.

ƏDV ödəyicisi olan şəxs malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aldığı və ya almalı olduğu məbləğə 18 faiz dərəcə ilə vergi tətbiq etməlidir. Büdcəyə ödənilməli olan məbləğ isə təqdim edilən mallara (işlərə, xidmətlərə) hesablanan ƏDV məbləği ilə ödəyici tərəfindən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəalarına uyğun əvəzləşdirilən ƏDV məbləği arasındakı fərqdən ibarətdir.


Etiketlər:  Pərakəndə ticarət zamanı ƏDV hansı hallarda ödənməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ