Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 21:16
Avqustun 2-də Yaponiyanın qərbində və şimalında havanın temperaturu kəskin artıb. Temperatur bir çox rayonlarda 35 dərəcədən yuxarı qalxıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Meteorologiya Agentliyi sakinləri evdə qalmağa və günvurmadan qorunmaq üçün baş geyimi taxmağa çağırıb. Bildirilib ki, həmin gün yerli vaxtla saat 11:30-da Niiqata şəhərində 35,7, Miyazu şəhərində və Kioto prefekturasında 35,5, Osakada 34,9, Fukuşimada 33,9, Tokionun mərkəzində isə 33,1 dərəcə temperatur qeydə alınıb.
Qeyd edilib ki, günortaya doğru havanın hərarəti artmaqda davam edəcək. Fukuidə 37, Kioto, Niiqata və Yamaqatada 36, Osaka, Naqoya və Kanazavada 35 dərəcə isti proqnozlaşdırılır. Tokionun mərkəzində isə 33 dərəcə isti gözlənilir.
Yerli hakimiyyət orqanları sakinləri zəruri olmayan gəzintilərdən çəkinməyə, maye qəbul etməyə, kondisionerlərdən istifadəyə, açıq havada sosial məsafəni gözləmək şərti ilə maska taxmamağa çağırır.
Hönşü adasının cənubundan və Sakişima adalarından hərəkət edən isti və rütubətli hava kütləsinin Yaponiyanın cənub-qərbində atmosfer şəraitini pozacağı gözlənilir.
Bununla yanaşı, bəzi yerlərdə leysan yağışların yağacağı və ildırım çaxacağı proqnozlaşdırılır ki, bunun da düzənlik rayonlarda çayların daşmasına və şiddətli küləyə səbəb ola biləcəyi qeyd edilir.