Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2021 20:03
Yəqin ki, hər kəsin nə vaxtsa başgicəllənməsi olub. Bəzən bunu qan azlığı, zəiflik, aclıq, isti hava ilə əlaqələndirirlər. Lakin uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər.
Sonxeber.net bildirir ki, bu haqda AZƏRTAC-a məlumat verən həkim-nevropatoloq Yeganə Rəşidovanın sözlərinə görə, başgicəllənmə hissini ifadə edən tibbi şikayət vertigo adlanır və bu hal əhali arasında geniş yayılıb. Başgicəllənməsi daxili qulaqda, beyində və ya həssas sinir yolunda problemlər zamanı yarana bilir: "İstənilən yaşda insanın başı fırlana bilər. Lakin adətən belə hallara 65 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Vertigo hərəkət narahatlığına bənzəyir, insan sanki otağın mərkəzindəki ipi çəkdiyini güman edir, tarazlığını bir neçə anlıq itirmiş olur. Vertigonun əsas əlamətləri ürək bulanması, qusma, başağrısı, hərəkət zamanı büdrəməkdir".
Həkim bildirib ki, vertigoların daha çox periferik vertigo (benign paroksismal mövqe vertigo), Meniere xəstəliyi və kəskin başlanğıc vertigo növlərinə rast gəlinir: "Xəstələrin 93 faizində periferik vertigo qeydə alınır. Benign paroksismal mövqe vertigo (BPPV) başın mövqeyində müəyyən dəyişikliklərlə güclənən vertigo növüdür. Buna daxili qulaqda üzən kalsium kristalları səbəb olur. Digər növ olan Meniere xəstəliyi tarazlığa və eşitməyə təsir edən daxili qulaq xəstəliyidir. Kəskin periferik vestibulopatiya (APV), qəfil başgicəllənməyə səbəb olan daxili qulağın iltihabıdır".
Vertigonun müalicəsi xüsusi fiziki hərəkətləri olan məşqlər vasitəsilə aparılır. Bəzi zəruri hallarda "vestibulyar blokaj agentləri" adlanan xüsusi dərmanlarla müalicə yazılır. Ürək-damar xəstəlikləri, qulaq infeksiyaları, baş travması, antidepressant və antipsixotik kimi dərmanlar vertigo riskini artıran amillər sırasındadır.
Y.Rəşidova vertigonun qeyd olunan əlamətlərini hiss edən kimi vaxt itirmədən həkimə müraciət etməyi məsləhət görür. Əks təqdirdə həmin xəstəlik daha ciddi problemlərə yol aça bilər.