Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 23:42
Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına əsasən, ölümə səbəb olan xəstəliklər arasında insult üçüncü yerdə qeyd edilir.
Yaşı 55-dən yuxarı qadınların hər beşindən biri, kişilərin isə hər altısından biri insult keçirir və onlardan yarısı bu səbəbdən vəfat edir. Həyata qayıdanların 70-80% müxtəlif əlillik dərəcələri qeyd olunur ki, bunların da 20-30% ömrünün sonunadək yaxınlarının və ya tibb işçilərinin xüsusi qayğısına möhtac qalırlar.
Hətta müasir dövrümüzdə də bir sıra hallarda həkimlərin səyləri əsasən insult keçirmiş xəstənin həyatının xilasına yönəlir. Ağır gedişli insultlardan sonra baş beyin funksiyasının yalnız qismən bərpa olunması mövcud və tez-tez rast gəlinən reallıqdır.
Sonxeber.net saglamolun.com-a istinadən bildirir ki, son zamanlar insult xeyli "cavanlaşıb" və hətta 30-40 yaşlı şəxslərdə qeydə alınır. Eyni zamanda insult riskinin aşkar olunması və qabaqlayıcı tibbi tədbirlərin keçirilməsi kifayət qədər effektli olur. Odur ki, istənilən yaş kateqoriyasına aid olan qadın və kişiləri insult, onun səbəbləri, əlamətləri və xüsusən də profilaktikası barədə məlumatlandırmaq lazımdır.
İnsult necə baş verir?
İnsult beyin qan dövranının kəskin pozulması, yəni beyini qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığının pozulması (yırtılması), daralması (spazmı) və ya tutulmasıdır.
İnsultun əlamətləri müxtəlifdir, məsələn bu halın insanın huşuna təsiri bəzən oyanıqlıq, bəzən əksinə yuxulu olma və ya yüngül kütləşmə, qısa müddətə huşun itirilməsi, bəzən isə hətta koma kimi qiymətləndirilir. Xəstələrdə baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma və qusma, istilik hissi, ürəkdöyünməsi, vaxt və məkan hissiyatının zəyifləməsi (çaşqınlıq vəziyyəti) və s. qeyd oluna bilər.
Beyinin hər hansı hissəsinin zədələnməsi həmin sahəyə müvafiq orqan və funksiyalara öz mənfi təsirini göstərir: görmə qabiliyyətinin pisləşməsi (çəpgözlük, ikili görmə, bir və ya ikitərəfli korluq), nitq pozulması (hətta sadə sözlərin tələffüzü çətinləşir), yuxarı və ya aşağı ətrafların əzələ zəyifliyi və hətta bir və ya ikitərəfli iflic olması, bəzən isə tarazlıq hissinin zəyifləməsi, yerişin pozulması və s.
İnsult ehtimalını artıran amillər - risk faktorları:
- yaş faktoru (45-60 və daha artıq yaş);
- irsiyyət (yaxın qohumlarda insult halları);
- hipertoniya xəstəliyi;
- siqarət çəkmək;
- alkoqol içkilərə meyllilik;
- piylənmə;
- xolesterinin yüksək səviyyəsi, ateroskleroz;
- şəkərli diabet;
- ürək-damar xəstəlikləri;
- fiziki aktivliyinin az olması.
Bu amillərdən hər hansı biri sizdə mövcuddursa, məsləhət üçün həkimə müraciət edin.