Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

G7 ölkələri Əfqanıstanı müzakirə edəcək

G7 ölkələri Əfqanıstanı müzakirə edəcək

Tarix: 24 Avqust 2021 08:38

Avqustun 24-də Böyük Britaniyanın təşəbbüsü ilə iqtisadi cəhətdən inkişaf etmiş yeddi ölkənin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) üzv olduğu "Böyük Yeddilər" qrupunun (G7) Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə sammiti keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, virtual formatda keçiriləcək və BMT-nin Baş katibi Antonio Quterreşin də qatılacağı birgünlük sammitin əsas mövzuları Qərb ölkələri vətəndaşlarının və onlara kömək edən əfqanların Əfqanıstandan təxliyəsinin başa çatdırılacağı vaxt, humanitar yardımların verilməsi və ölkəyə nəzarəti ələ keçirən "Taliban"a qarşı sanksiyaların tətbiq edilməsi ehtimalı olacaq.

"Bizim əsas prioritetimiz vətəndaşlarımızın və son 20 ildə qüvvələrimizə kömək edən əfqanların təxliyəsini başa çatdırmaqdır. Beynəlxalq ictimaiyyətin bir araya gəlməsi və uzunmüddətli işbirliyi mövzusunda razılaşması vacibdir. Tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə insan haqlarını müdafiə etmək və son iyirmi ildə qazanılan uğurları qorumaq üçün hər cür humanitar və diplomatik imkandan istifadəni davam etdirəcəyik. "Taliban" sözlərinə görə yox, hərəkətlərinə görə mühakimə olunacaq", - deyə Britaniyanın Baş naziri Boris Conson görüşdən əvvəl vurğulayıb.

Bildirilir ki, NATO-nun Baş katibi Yens Stoltenberq də G7 liderlərinin videokonfransında iştirak etmək üçün dəvət olunub.

Britaniya qəzetləri yazır ki, iclasın əsas aspektlərindən biri təxliyə məsələsidir. Ehtimal olunur ki, Boris Conson ABŞ prezidenti Co Baydendən Qərb ölkələri ilə əməkdaşlıq edən əfqanlar da daxil olmaqla Əfqanıstandan mümkün qədər daha çox insanı təxliyə etmək üçün vaxtın 31 avqustdan sonra da uzadılmasını xahiş edəcək. Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə görə, ABŞ ordusu Əfqanıstanı tərk edəcəyi təqdirdə britaniyalıların da bunu etməkdən başqa çarəsi qalmayacaq.

Britaniya qəzetlərinin yazdığına görə, Bayden görüşə qatılmazsa və vaxt uzadılmazsa, o zaman Britaniya ordusu amerikalıların təxliyəsi başa çatmazdan 72-96 saat əvvəl Əfqanıstanı tərk etməyə başlayacaq.

Ümumilikdə, avqustun 13-dən etibarən Britaniya hakimiyyəti 6 minə yaxın insanı ölkədən çıxarıb. London bu həftə də eyni sayda insanı təxliyə etmək niyyətindədir. "The Times" qəzetinin yazdığına görə, Britaniyaya gedə biləcək Əfqanıstan vətəndaşlarının siyahısına əfqan siyasətçiləri, vətəndaş cəmiyyəti liderləri və onların ailələri də daxil ediləcək.

Vaxt məsələsi təkcə Londonu narahat etmir. Sammit öncəsi Amerikanın "CNN" telekanalının verdiyi məlumata görə, Fransa və Almaniya da Consonun çağırışına dəstək verəcək və "Baydenə təzyiq edəcək".

Bununla yanaşı, Amerika liderinin özü 22 avqustda Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, Əfqanıstandan qoşunların çıxarılması məntiqli, rasional və düzgün bir qərar olaraq tarixə düşəcək, vaxtı uzatmağa ehtiyac olmayacaq.

Bu arada, "Taliban"ın Qətərdəki siyasi ofisinin nümayəndəsi Məhəmməd Süheyl Şahin bəyan edib ki, ABŞ və digər Qərb ölkələri yayın sonuna qədər Əfqanıstandan qoşunlarını çıxarmasalar, bunun nəticəsi ilə üzləşəcəklər.

"Bu, qırmızı xətdir. ABŞ prezidenti Co Bayden bəyan edib ki, bütün hərbi qüvvələrini 31 avqusta qədər geri çəkəcəklər. Əgər onlar qalma müddətlərini uzatsalar, bu onların işğal müddətini uzatdıqları mənasına gəlir, ancaq buna zərurət yoxdur", - deyə Şahin "Sky News" telekanalına müsahibəsində bildirib.

G7 liderlərinin görüşünün digər mövzusu da "Taliban" əleyhinə sanksiyalar ola bilər. "Reuters" xəbər verir ki, B.Consonun sammitdə belə bir təkliflə çıxış edəcəyi gözlənilir.

Agentliyin krallıq hökumətindəki mənbəyə istinadən verdiyi xəbərə görə, London hesab edir ki, "Taliban" insan haqlarını pozarsa və ölkəni terrorçuların sığınacağına çevirərsə, G7 Əfqanıstana iqtisadi sanksiyalar tətbiq etməli və yardımı dayandırmalıdır.

Milli.Az


Etiketlər:  ölkələri Əfqanıstanı müzakirə edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ