Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2019 15:51
Bakı. Samir Əli - Trend:
Azərbaycan sərhədçiləri təmas xəttində bir-neçə mövqedə irəliləyib və strateji yüksəklikləri əldə edib.
Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Aparat rəhbərinin sözlərinə görə, hal-hazırda Ermənistan- Azərbaycan sərhədinin Qazax və Ağstafa ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil olunur: "Bu, böyük prossin başlanğıcıdır və davam edəcək. Bu qərarın qəbul olunması Azərbaycan ordusunun hərbi birləşmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönələn qərar idi. Ötən 9 ay müddətində şəxsi heyətin döyüş qabiliyyəti gücləndirilib, bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib. Keçən ilin sonunda burada xidmətə başlayan hərbi qulluqçular üçün 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib".
E.İbrahimov deyib ki, Azərbaycan sərhədçiləri bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub: "Bu, Ermənistan silahlı qüvvələrinin döyüş postlarını və postlara hərəkət edən yollara nəzarət etmək üçün optimal şərait yaradıb. Şəxsi heyətin təhlükəsiz hərəkəti üçün val yolların çəkilməsi təmin edilib. Bu müddətdə düşmən mövqelərində hərbi maşına atəş açılıb və 2 hərbi qulluqçumuz yaralanıb. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin