Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyanın "3" planı - Şuşadakı yallını oynamağa qorxdu

Paşinyanın

Tarix: 3 Sentyabr 2021 11:57

Bütün beynəlxalq ictimaiyyət və təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar. 

44 günlük müharibədən sonra ağıllanacağı gözlənilən Ermənistandakı hərbi-siyasi dairələr isə bunun əksinə olaraq sərsəm, revanşist bəyanatlar verməklə yanaşı sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərə qanunsuz səfərlər təşkil etmək üçün yollar axtarırlar. Belə bir qeyri-qanuni, 10 noyabr bəyanatına zidd səfər ötən gün gözlənilirdi. 

Lakin Bakıdan adekvat addım gecikmədi. Belə ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov orduya "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilsin" əmri verdi. Məhz bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edəcəyi deyilən Ermənistan parlamentinin hakim partiyasının nümayəndələri və keçmiş "Qarabağ klanı"nın üzvlərinin Ermənistan mediasının və sosial şəbəkələrin erməni seqmentinin günlərdir yazıb bitirə bilmədiyi sözügedən gedişi gözlərində qaldığı məlum olub.

Belə ki, qondarma rejiminin qalıqlarının "müstəqillik günü"nü qeyd etmək üçün heç bir Ermənistan hökumətinin üzvü Qarabağa getməyib. Bu barədə "Radio Azatutyun" yazır. Baş nazir Nikol Paşinyanın Qarabağa niyə getmədiyini soruşduqda, hökümət aparatının mətbuat xidməti qısaca cavab verib: baş nazir 31 avqustdan bəri üç günlük məzuniyyətdədir.

Hökümət iclasından sonra yüksək texnologiyalı sənaye naziri Vahaqn Xaçatryan Paşinyanın Qarabağa getməmək qərarının siyasi olduğunu bildirib. Qeyd edək ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra Paşinyanın Qarabağda olmayıb.

Hökumət üzvü bu siyasi qərarın səbəbinin nə olduğunu izah etməyib: "Baş nazir Nikol Paşinyan bu məsələ ilə bağlı bizə təlimat verdi və biz bu təlimat üzrə hərəkət etdik. Problem yoxdur və daha böyük problemlər yaratmağa da ehtiyac yoxdur".

"Şərəfim var" fraksiyasının üzvü Tiqran Abramyanın fikrincə, Qarabağda Ermənistanın yüksək vəzifəli rəsmilərinin olmaması "hakimiyyətin Azərbaycanın diktə etdiyi oyun qaydalarını qəbul etməsi" deməkdir. 

Aydın olur ki, Paşinyanın və nazirlərinin Xankəndinə gedərək sentyabrın 2-dəki tədbirlərdə iştirak etmələri qadağa edildi. Bu qadağa məhz Bakının xəbərdarlığından sonra edildi. Hərəsi bir bəhanə tapdılar. Paşinyan həmin gündən bir gün öncə 3 günlük məzuniyyətə çıxdı, parlamentin sədri və xarici işlər naziri Moskvaya səfərə getdi. Bu isə Paşinyanın acı təcrübəsini xatırlamaq üçün yeni bir müharibənin baş verməsinə gərək duymadığına və Azərbaycanın gücünü, verdiyi mesajları qəbul etdiyinə işarədir. 

Çünki 2019-cu il mayın 8-də Şuşanın işğalının 27-ci ilini qeyd etmək üçün Paşinyanın rəhbərliyi ilə bu işğalda rol oynamış və əli dinc azərbaycanlıların qanına batmış Sarkisyan da daxil olmaqla, bir çox erməni rəsmisi Şuşaya etdikləri səfər və orada qurduqları eyş-işrət məclisinin ağır nəticələrini Ermənistan hələ uzun illər aradan qaldıra bilməyəcək. Paşinyanın əvvəlcə işğal şərəfinə şərab içməsi, daha sonra isə Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub, sərxoş halda müqəddəs torpağımızda yallı getməsi Azərbaycan xalqının heysiyyatı ilə oynadı. Paşinyanın bu xaincəsinə davranışı, addımı Azərbaycan tərəfindən kəskin reaksiya doğurdu. 

O vaxt rəsmi Bakının hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyü ilə bağlı xəbərdarlıq bəyanatı əslində İrəvan rəhbərliyinin bu hərəkətinin cavabsız qalmayacağından xəbər verirdi. Elə də oldu, 44 günlük müharibə ilə Azərbaycan düşmənə yerini göstərdi. Bütün bu hadisələri heç şübhəsiz ki, Paşinyan belə tez unuda bilməz. Ona görə də qondarma rejimin qalıqlarının "müstəqillik günü"nü qeyd etmək üçün Ermənistan hökuməti üzvlərinin Qarabağa getməsinə qadağa qoyulması Paşinyanın ağır məğlubiyyətdən dərs çıxarmağa başladığını göstərir. O. bunu açıq şəkildə bəyan etməsə də, bundan bir gün əvvəl məzuniyyətə çıxdığını elan edib, sözügedən "Xankəndinə səfər" məsələsindən bir gün sonra işinin başına qayıtması da məhz özünü xalqın, müxalifətin qarşısında sudan quru çıxarmaq üçün atılan addımdan başqa bir şey deyil. 

Amma istənilən halda Azərbaycan sözünün ağasıdır və onun torpaqlarına istənilən qanunsuz səfər və separatçı rejimin tör-töküntüsünün hər hansı bir "bayramı" qeyd etmək cəhdinin cavabı ağır ola bilər. Bunu da görünür lazımı dairələr başa düşməyə, qəbul etməyə başlayırlar. Baxmayaraq ki, Ermənistan Baş naziri Nikol Paşinyan isə müraciətində, nə qədər qəribə də olsa, 44 günlük müharibə zamanı Azərbaycanın bütün səylərinə baxmayaraq, öz hədəfinə çatmadığını iddia edib. 10 noyabr kapitulyasiyasına imza atan və "müstəqillik günü" şousuna qatılmağa cəsarəti çatmayan, buna görə qısamüddətli məzuniyyətə qaçan Paşinyan deyib: "Biz bütün beynəlxalq platformalarda deyirik ki, "dağlıq qarabağ münaqişəsi" həll edilməyib. Bunu hətta ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin bəyanatları da təsdiq edir". Aydındır ki, o, bu açıqlamaları ilə daxili auditoriyaya, müxalifətə oynayaraq, divident qazanmaq məqsədi güdür.

Keçmiş keçmişdə qaldı...

Açıqlamasından belə nəticə çıxır ki, Paşinyan ya altsheymer xəstəliyinin daşıyıcısıdır, ya da hökümət üzvlərinin ölkənin gələcəyi ilə bağlı vacib səfərlərini önəmsəməyəcək qədər Ermənistanın taleyinə laqeyddir. Çünki Sergey Lavrovun erməni həmkarı Mirzoyanla Moskva görüşündə diqqətçəkən əsas məqamlardan biri də birgə mətbuat konfransında Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq Rusiyanın baş diplomatı bir dəfə də olsun "status" məsələsinə toxunmadı.

Bu isə o deməkdir ki, Rusiya artıq Qarabağın "status" məsələsini birdəfəlik gündəmindən çıxarıb. O ki qaldı Paşinyanın Minsk Qrupu ilə bağlı dediklərinə, onun da cavabı Moskvada 2 gün əvvəl verildi. Lavrov-Mirzoyan görüşü zamanı Rusiya XİN rəhbərinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa olunması ilə bağlı suala cavabı Moskvanın bu məsələyə mövqeyini də ortaya qoydu. Lavrov bildirdi ki, heç nəyi bərpa etmək lazım deyil, imzalanmış 9 noyabr və 11 yanvar razılaşmalarını icrasını həyata keçirmək lazımdır. Bu isə o deməkdir ki, Minsk Qrupunun həmsədrləri ilə bağlı Rusiya və Azərbaycanın mövqeyi tamamilə üst-üstə düşür. Rusiya Minsk Qrupu həmsədrlərinin siyasi cəhətdən fəaliyyətinin bərpa etmək istəmir, Moskva da bu məsələdə Bakı kimi düşünür. 

Ermənilər özlərini boğurlar

Ermənistan rəhbərliyi delimitasiya, demarkasiya işlərinin başlaması prosesini sürətləndirmək əvəzinə bu aralar sərhəd ərazilərdə təxribatlar, yanğınlar törətməklə diqqət çəkməyə başlayıblar. Bir məsələ var ki, hər kəsə məlum olduğu kimi 44 günlük müharibə ilə azad edilən ərazilərə hələ ki bəlli səbəblərdən o torpaqların gerçək sahibləri - azərbaycanlılar köçürülməyiblər, bunun üçün Azərbaycan tərəfindən sürətli işlər aparılır. Amma həmin ərazilərə sərhəd kəndlərdə, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri məntəqələrdə erməni əhali hələ də var. Hətta Prezident İlham Əliyev çıxışlarında dəfələrlə onlara ərazimizdə Azərbaycan vətəndaşı kimi yaşamaq şanslarının olduğunu qeyd edib. Amma ermənilərin qeyd etdiyim təxribatları sözsüz ki, həmin erməni əhalini daha da qorxu içində, səksəkəli həyatla üz-üzə qoyub ki, bu da onların ərazidən köçməsinə səbəb olur.

Proseslərə nəzər salanda əslində erməni xalqının əsl düşməninin kim olduğu məlum olur. Azərbaycan əsgəri ermənidən fərqli olaraq mülki əhaliyə qarşı humanist, beynəxlalq hüququn tələbləri çərçivəsində münasibəti ilə seçilir. Biz bunu II Qarabağ müharibəsi zamanı da gördük. Odur ki, ermənilər vaxt itirmədən ya Azərbaycan vətəndaşlığını qəbul etmək üçün Azərbaycan dövlətinə müraciət yolunu seçməli, ya da cinayətkar xunta rejiminin, separatçı revanşist qüvvələrin sərsəm idarəçiliyi altında səfalət içində gedib Ermənistan ərazisində bundan sonra da yaşamaq barədə son dəfə düşünməlidirlər. Bəli, son dəfə, çünki bir də belə şansları olmayacaq. Azərbaycan bir qarış da olsun ərazisini güzəştə getmək fikrində deyil. Bunu Rusiya da qəbul etməyə başlayıb və Bakının qətiyyətli mövqeyi dəyişən deyil. Bunu az qala hər çıxışında Azərbaycan Prezidentinin sərgilədiyi qətiyyətli mövqedən görməmək mümkün deyil. 

Hər il təmtəraqlı mərasimlər, rəsmi nümayəndələrin səfərləri, çıxışları ilə keçən qondarma "arsax"ın "müstəqillik" günü bu il sadəcə bəyanatlarla "qeyd olundu". Ermənistan rəhbərliyi və siyasətçilər bu il eyni addımı atmağa cürət etmədilər. Gücləri yalnız quru bəyanatlara çatdı. Səbəb də aydındır. Məsələ orasındadır ki, artıq həm İrəvan, həm də erməni xalqı Qarabağ adlı münaqişənin olmadığını, "status"un Azərbaycan Prezidentinin dediyi kimi, gorbagor olduğunu gözəl anlayır. Sadəcə erməni xisləti bunu həzm etməyə imkan vermir, önə çıxır. Xankəndiyə gələ bilməsələr də, məkr dolu bəyanatlar verərək, erməni xalqını yeni fəlakətlərə sürükləməyə və özlərini yenə kənarda saxlamağa çalışan Ermənistan hərbi-siyasi rəhbərliyi, revanşist qüvvələr və müxtəlif dairələr bir şeyi başa düşməlidirlər ki, növbəti ərazi iddiası və bu istiqamətdə hər hansı bir praktiki cəhd Cənubi Qafqazın coğrafiyasından Ermənistan adlı dövlətin silinməsinə səbəb ola bilər. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Paşinyanın 3 planı Şuşadakı yallını oynamağa qorxdu


RƏYLƏR