Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Tarix: 4 Oktyabr 2021 21:08

Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Həmin günün qeyd edilməsi Ümumdünya Səhiyyə Təşkilatı və "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatının birgə təşəbbüsüdür.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu günün başlıca mahiyyəti latın qrafikası ilə işləyən dünya həkimlərinin həmrəyliyidir.

Hər il "Sərhədsiz həkimlər"in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparır. Hər il "Sərhədsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edir.

Həkimlik dünyanın qədim olduğu qədər də ən məsuliyyətli peşələrindən biridir. Azərbaycan xalqı 2019-cu ildə başlayan və hələ də davam edən yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə və Azərbaycanın şanlı Zəfər çaldığı Vətən müharibəsində bu peşənin vacibliyini bir daha dərk etdi. Koronavirus pandemiyası ilə mübarizə aparan Azərbaycan əhalisinin hər 10 min nəfərinə 32 həkim və 54 tibb işçisi düşür. Azərbaycan dünyada COVID-19 əleyhinə peyvəndləməyə başlayan ilk ölkələrdən biridir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və ölkədə 70 faizdən çox tibb işçisi vaksinasiya olunub.

Son statistik məlumatlara əsasən, Azərbaycanda ümumilikdə 31,8 min həkim və 55,7 min orta tibb işçisi fəaliyyət göstərir. Bu həssas və xeyirxah peşə sahiblərinin kabinetdə və ya səhra şəraitində işləməsi onların xidmətlərini azaltmır, çünki onlar bütün hallarda can sağlığının qoruyucularıdır.

Qəhrəman Azərbaycan oğulları ötən ilin sentyabrın 27-də başlayan 44 günlük ikinci Qarabağ müharibəsində 30 ildir ki, Ermənistanın işğalında olan Vətən torpaqlarını qanları, canları bahasına geri qaytardılar. Həmin dövrdə həkimlər Qarabağ döyüş cəbhəsi və COVID-19-la mübarizə cəbhəsində döyüşürdülər. Vətən müharibəsi dövründə həkim briqadaları üç istiqamətdə cəbhə bölgəsinə göndərilmişdi və tibb işçiləri böyük həvəslə fəaliyyət göstərdilər. Həmin briqadalar cəbhə bölgəsində yaralılara ilkin tibbi yardım göstərməklə yanaşı, bəzi ağır yaralıları nisbətən kənarda yerləşən şəhər və rayonlardakı xəstəxanalara daşıyırdılar. Vətənin müdafiəsinə qalxan tibb işçilərindən 9 həkim, 7 feldşer, 26 sanitar olmaqla 42 nəfər müharibədə şəhid olub, 159 nəfər hərbi tibb işçisi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki cəbhənin - həm COVID-19 pandemiyasının, həm də Vətən müharibəsinin həkim qəhrəmanlarının fəaliyyətini yüksək qiymətləndirir, şəhidləri hörmətlə anırıq.


Etiketlər:  gün Beynəlxalq Həkimlər Günüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ