Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2021 23:46
Avstriya prezidenti Aleksander Van der Bellen ölkə prokurorluğunun kansler Sebastian Kurtsa qarşı şübhələri fonunda departamentin işini sərbəst aparmasını istəyib və bildirib ki, söhbət hələlik yalnız bir araşdırmadan gedir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, baş verənlərə münasibət bildirən Van der Bellen qanunverici, icraedici və məhkəmə orqanları arasında ayrılığı nəzərdə tutan qanunun aliliyinin əsaslarına güvənməyi təklif edib.
"Prokurorluğun vəzifəsi bir insanın nüfuzundan asılı olmayaraq şübhələri araşdırmaq və ittiham yaradan və bəraət qazandıran məqamları müəyyən etməkdir. Hazırda yalnız o məlumdur ki, prokurorluq araşdırma aparır", - deyə Van der Bellenin açıqlamasında qeyd olunub.
O bildirib ki, hər kəs onun araşdırmaları ilə bağlı fikirlərini açıq şəkildə ifadə etmək hüququna malikdir və "təbii ki, məhkəmə sistemini obyektiv şəkildə tənqid etmək də olar".
Qeyd edək ki, iqtisadi və korrupsiya cinayətlərinin araşdırılması üzrə Avstriya Prokurorluğu S.Kurts barəsində korrupsiya işi ilə bağlı araşdırma aparıldığını təsdiqləyib. Müxalifət tərəfindən artıq kanslerin istefasına dair çağırışlar da səsləndirilib. Kurts özü artıq irəli sürülən şübhələrin təsdiqlənməyəcəyinə əminliyini ifadə edib.