Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2021 21:56
Bəzi hallarda ticarət və ictimai iaşə, eləcə də xidmət obyektlərinə adi geyimdə daxil olmuş şəxs və ya şəxslər vergi orqanından gəldiyini və qanun pozuntusu aşkarladıqlarını bildirirlər.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, aktual mövzunu şərh edən iqtisadçı İlqar Əsədovun sözlərinə görə, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına daxildir. Sözügedən hal operativ vergi nəzarəti tədbirlərinə aiddir. Bu nəzarət tədbirləri çərçivəsində vergi orqanı vergiödəyicilərində qanunvericiliyə riayət edilməsi ilə bağlı bir sıra meyarlar üzrə nəzarət keçirmək funksiyasına malikdirlər: "Məsələn, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkarlanması, istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi bu məqsədlərdən biridir".
Nəzarət tədbirlərinin yuxarıda sadalanan məqsədlərlə məhudlaşmadığını söyləyən İ.Əsədov bildirib ki, vergi orqanı nəzarət tədbirləri çərçivəsində əhaliyə çekin verib-verilmədiyini, yəni əslində satışın rəsmiləşdirib-rəsmişləşdirilmədiyini aşkarlamaq üçün adi vətəndaş geyimində təsərrüfat obyektinə daxil olur, mal alır və ona çek təqdim etmədikdə xidməti vəsiqəsini göstərərək əslində vergi orqanı əməkdaşı olduğunu və yoxlamağa gəldiyini deyir. Vergi orqanı əməkdaşlarının bu cür mülki geyimdə nəzarət tədbiri keçirmələri tam şəkildə qanuna uyğundur. Belə ki, bir sıra önəmli məsələlərə nəzarət məxfilik tələb edir, əks halda gözlənilən nəticələri əldə etmək mümkün olmazdı. Bu səbəblə, Vergi Məcəlləsinə əsasən, operativ vergi nəzarəti vergiödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergiödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Lakin operativ vergi nəzarəti vergi orqanı əməkdaşlarının şəxsi istəkləri ilə seçmə yolu ilə təsərrüfat subyektlərinə daxil olmaqla deyil, vergi orqanının konkret vergiödəyicisi barədə qərarı əsasında aparılır. Elə bu səbəblə də operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra vergi orqanının qərarını vergiödəyicisinə dərhal təqdim etməlidir".
Qeyd olunub ki, əhali ilə nağd pul hesablaşmaları qaydalarının pozulmasına görə vergiödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.