Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin sonu biraz da yaxınlaşdı - Sülhməramlının etmədiyini edəcəyik

Ermənilərin sonu biraz da yaxınlaşdı - Sülhməramlının etmədiyini edəcəyik

Tarix: 15 Oktyabr 2021 12:42

Son iki gündə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə hələ də qalan qanunsuz erməni silahlı dəstələrinin (diversant dəstəsi) yenidən fəallaşması Ermənistan-Azərbaycan və Ermənistan-Rusiya təmaslarının artdığı bir zamanda baş verməsi təəccübləndirən deyil.

Öncə Qarabağda erməni terrorçular Suqovuşandan Kəlbəcərə gedən mülki avtomobil karvanına atəş açdılar, ardınca isə ötən gün Ordumuzun əsgərinin erməni diversant dəstəsisinin sinayperi tərəfindən vurulması 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinin (erməni qoşunların çıxarılması - red) icrasının zəruriliyini bir daha gündəmə gətirir. 

Oktyabrın 13-də Prezident İlham Əliyevin İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində "Rusiyanın sülhməramlı vasitəçiliyindən ümumilikdə razıyıq. Bəzi xırda insidentlər istisna olmaqla, vəziyyət sabitdir" sözləri ilə kontingentin fəaliyyətini qənaətbəxş hesab etdi, eyni zamanda "həl etməli olduqları müəyyən məsələlərin olduğunu" vurğuladı.

Dövlət başçısının belə bir açıqlama verməsindən sonra sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə sözügedən xoşagəlməz təxribatların artması ermənilərin nə qədər hiyləgər və fürsətcil olduğunu göstərir. Belə ki, İlham Əliyevin sülhməramlılarla sözügedən mesajlarının ardınca bu təxribatlarla erməni revanşist qüvvələri Azərbaycanda cəmiyyət içində bir çaşqınlıq yaratmaq, eyni zamanda Rusiya ilə Azərbaycan höküməti arasındakı münasibətləri soyutmaq üçün köhnə "peşələrini" icra etməyə başlayıblar. Nəzərə alsaq ki, sülh danışıqları istiqamətində ən aktiv vasitəçi qismində hazırda Rusiya iştirak edir, eyni zamanda üçtərəfli bəyanatın tərəfi kimi də məhz rəsmi Moskvadan fəallıq gözlənilir, ermənilər bununla Azərbaycanla Rusiya arasında gərginlik yaratmaqla diplomatik təmasları zəiflədərək, sülh müqaviləsi ətrafındakı danışıqların vaxtını bir qədər də uzatmağı planlaşdırırlar. 

Və bütün bu hadisələrin məhz iki gün əvvəl Moskvada Putin-Paşinyan görüşünün keçirilməyə başladığı saatlardan qeydə alındığını nəzərə alsaq, təxribatların planlı şəkildə həyata keçirildiyini düşünmək olar. Paşinyanın Moskvada Putinlə apardığı danışıqların əsas məzmununun üçtərəfli bəyanatların icrası, regional əməkdaşlığın qurulması üzərində qurulsa da, rəsmi İrəvanın "sağ göstərib, sol vurmaq istədiyini" görməzlikdən gəlmək mümkün deyil. Xüsusən də son təxribatların Putin-Paşinyan görüşündən sonra intensivləşməsi təsadüf kimi görünmür. 

Putin-Paşinyan görüşündən sonra Moskvada Krill, Allahşükür Paşazadə və Qareginin birgə bəyanatında vurğulanan "Azərbaycan və erməni xalqları üçün birlikdə yaşamaqdan başqa gələcəyi yoxdur" sözləri fonunda də baş verənlərin təsadüfi olmadığını təsdiq edən növbəti məqamdır. Rəsmi Bakının Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı dövlət proqramı hazırladığından artıq müxtəlif kanallar vasitəsilə duyuq düşən Ermənistanın revanşist qüvvələri bunu əngəlləmək məqsədilə Qarabağda gərginliyi qoruyub saxlamaq üçün bütün çirkab işləri görməyə hazır vəziyyətdədirlər.

Bunu təsdiq edəcək növbəti fakt: dünən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki erməni terrorçulara məxsus dron Füzuli istiqamətində hərbiçilərimiz tərəfindən ələ keçirildi. Belə bir kəşfiyyat uçuşu diversant dəstələrin növbəti hücuma hazırlıq məqsədi daşıdığını istisna etmir.

Qarabağda erməni terrorçuların hücumu nəticəsində əsgərimizin şəhid olması ilə bağlı Müdafiə Nazirliyinin rəsmi məlumatında mühüm məqamlar diqqət çəkir. Məlumatda "qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində" sözləri bunun terror əməli olduğunu, Qarabağda terrorçu dəstələrin varlığına eyham olmaqla yanaşı, bölgədə antiterror əməliyyatlarının keçirilməsi zəruriliyini artırır. Təbii ki, bu məlumatdan ən böyük dərsi də məhz Rusiya tərəfi çıxartmalıdır. Hər nə olursa olsun, bu terror hücumları rus sülhməramlılarının müvəqqəti fəaliyyət göstərdiyi ərazilərdə baş verir ki, bu da onların işinə ciddi mənada kölgə salır.

Ermənistan-Rusiya-Azərbaycan arasında diplomatik təmasların artdığı bir məqamda (Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda - red.) Ermənistanın dəstəklədiyi qanunsuz hərbi dəstələr tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçusunun belə bir terror qurbanı olması məqsədyönlü təxribatdır.

Tərəflər arasında diplomatik təmasların artdığı bir məqamda Qarabağda silah səsinin eşidilməsi vəziyyəti bir qədər də qəlizləşdirdi. Bu görüşlərin keçirilməsindən sonra eyni günlərdə Qarabağda müxtəlif təxribatların törədilməsi Azərbaycanın 10 noyabr bəyanatının 4-cü bəndinin təcili icrası üçün Moskavnın qarşısında təcili məsələ qaldırmasına imkan yaradıb. Əks halda rəsmi Bakı sülhməramlıların öhdəsindən gələ bilmədiyi bir neçə baş erməni terrorçusunu necə zərərsizləşdirməyi, onları Azərbaycan torpağından necə çıxartmağın yolunu çox yaxşı bilir. 

Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Sülh danışıqları barədə söhbətlərin getdiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir. Rəsmi Moskva bu təxribatlara sülhməramlıları səviyyəsində cavab verməlidir, əks halda Azərbaycan bütün öhdəliyi öz üzərinə götürməyə hazırdır.

Təhməz Əsədov


Etiketlər:  Ermənilərin sonu biraz yaxınlaşdı Sülhməramlının etmədiyini edəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ