Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Körpəyə masaj lazımdırmı?

Körpəyə masaj lazımdırmı?

Tarix: 16 Oktyabr 2021 23:30

Valideynlər tez-tez sual verir: 1 yaşına kimi olan uşağa masaj lazımdırmı? Bəli, lazımdır.

Həyatının 1-ci ilində körpənin sağlamlığının təməli qoyulur. Masaj isə uşağın sağlamlığı  və inkişafı üçün olduqca faydalıdır. Masaj uşağın sümüklərinə, əzələlərinə, ürək-damar və sinir sisteminə çox müsbət təsir edir. Masaj alan körpələrin həzm sistemi daha tez tənzimlənir. Vaxtdan tez doğulmuş, zəif uşaqlara massaj daha çox lazımdır.

Yenidoğulmuş uşaq üçün ananın səsi, iyi, toxunması çox vacibdir. Bu onun sinir sisteminin normal inkişafına kömək edir, uşağı sakitləşdirir. Bu səbəbdən masaj həmçinin ana və körpənin çox gözəl və faydalı ünsiyyət formasıdır. Körpənizi bundan məhrum etməyin. Xüsusilə bu süni qidalandırılan uşaqlar üçün vacibdir.

Sağlam uşağa hər hansı xüsusi massaj tələb olunmur. Bu səbəbdən ana özü bu masajın hərəkətlərini öyrənib (bizim saytda tapmaq olar) onları hər gün uşağa edə bilər. Masajı 10-15 dəqiqə ərzində etmək lazımdır. Ananın hərəkətləri yüngül olmalıdır və uşağı narahat etməməlidir. Onurğa sütunu, limfatik düyünlər, ürək, qara ciyər nahiyələrini buraxmaq lazımdır. Uşağın qarnını saat əqrəbi istiqamətində masaj etmək lazımdır.

Pediatrlar 1-2 yaşına kimi olan uşaqlara massaj zamanı yeməli yağlardan istifadə etməyi tövsiyə edirlər (zeytun, günəbaxan, kətan və s. yağları). Yağın iyi kəskin olmamalıdır. Bu uşaqda iştahanın və hal-əhvalın pisləşməsinə səbəb ola bilər.

Pediatrların digər məsləhəti - yatan uşağa masaj etmək olmaz.

Körpədə olan bəzi xəstəliklər və patologiyalar zamanı ona xüsusi massaj lazım ola bilər. Məsələn, əyriboyunluq, bud-çanaq oynağı displazıyası zamanı xüsusi müalicəvi massaj istifadə olunur. Bəzi uşaq nevroloji xəstəliklər zamanı (məsələn, uşaq serebral iflici) masaj hətta ən əsas müalicə üsulu sayılır.

Lakin bəzən valideynlər belə bir problemlə rastlaşır - uşaq masajda dayanmadan qışqırır. Bu yolverilməzdir. Belə masaj uşağa xeyir deyil, əksinə ziyan gətirəcək. Masaj zamanı toxumalar boşalmış (zəifləmiş) vəziyyətdə olmalıdır. Yalnız bu halda masaj lazım olan müalicəvi təsir edəcək. Qışqıran uşaq gərgin olur, onun əzələləri yığılır, gərginləşir. Belə gərgin əzələ dartıldıqda ağrıya və nəticədə uşağın daha çox qışqırmasına səbəb olacaq. Bundan əlavə gərgin əzələnin dartılması əzələləri zədələyir. Beləliklə, uşaq masajda sakit uzanmırsa, dayanmadan qışqırırsa, masajı dayandırmaq lazımdır. Digər mütəxəssisi axtarın. Körpə insanın hal-əhvalını, energetikasını hiss edir.


Etiketlər:  Körpəyə masaj lazımdırmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ