Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 08:15
Azhərəkətli həyat tərzi, düzgün olmayan qidalanma, iltihablar, irsiyyət, hamiləlik kimi faktorlar öd kisəsi xəstəliklərinin inkişafına təkan verir.
Bu xəstəliklərin arasında xolesistitə (öd kisəsi iltihabı) ən tez-tez təsadüf edilir. Xolesistit zamanı öd kisəsindən durğunluq və iltihab yaranır. Nəticədə öd kisəsinin fəaliyyəti ciddi çəkildə pozulur, öd daşı xəstəliyi inkişaf edə bilər.
Xolesistitin müalicəsində müxtəlif dərman preparatalarından istifadə olunur. Bu preparatlarla yanaşı xəstəyə bir çox hallarda ot dəmləmələri və s. təbii ödqovucu vasitələr də təyin olunur. Bu vasitələr öd kisəsində olan durğunluq və iltihabla çox effektli şəkildə mübarizə aparır. Həmçinin bu vasitələri xolesestit xəstəliyinə meyillik olduqda profilaktik məqsədi ilə istifadə etmək olar.
Ən effektli təbii ödqovucu vasitələr arasında:
- Qarğıdalı saçaqları ən tanınmış ödqovucu vasitədir. 1 xörək qaşığı qarğıdalı saçaqları 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, yaxşı süzülür və gün ərzində 50-100 ml miqdarında hər qida qəbulundan əvvəl qəbul olunur.
- Boymadərən (qanotu). Bu ot ən təsirli ödqovucu vasitələrdən biri sayılır. Ot ödün ifrazını artırır, öd kisəsində olan durğunluğu azaldır. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəiqiqə ərzində dəmlənilir, süzülür və hər qida qəbulundan 20-30 dəqiqə əvvəl 50 ml miqdarında qəbul olunur.
- Solmaz çiçəyi, zəncirotu da çox yaxşı ödqovucu təsir edir.
- Sarıkök orqanizmə ifadə olunmuş ödqovucu təsir edir. Əczaçılıq sənayesində sarıkök bəzi təbii ödqovucu dərmanların tərkibində istifadə olunur. Ev şəraitində 1/3 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda dəmlənilir və hər qida qəbulundan 20 dəqiqə əvvəl bir neçə qurtum içilir.
- Nanə öd axarların əzələlərinin spazmını (sıxılmasını) azaldır və bunun nəticəsində öd daha yaxşı ifraz olunur.
- İtburnu dəmləməsi ödqovucu təsirinə malikdir. 5 xörək qaşığı quru itburnu meyvələri axşamdan termosda 1 l suda dəmlənilir, səhər bir neçə dəfə süzgəcdən və ya tənzifdən süzülür (tükcüklər qalmamalıdır, onlar mədə-bağırsaq sistemini qıcıqlandırır). Daha sonra dəmləməni gündə 3 dəfə 1/2 stəkan olmaqla qida qəbulundan 30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Dəmləməyə 1/2 çay qaşığı bal əlavə etmək olar.
- İspanaq, zeytun yağı, kələm şirəsi də ödqovucu təsir edir.
- Bəzi təbii mineral sular (məsələn, Essentuki) çox yaxşı ödqovucu təsir edir.
Nəzərinizə çatdıraq ki, ödqovucu vasitələr öd daşı xəstəliyi zamanı istifadə olunmur ki, bu vasitələrin təsirindən öd daşları öd axarına düşərək onu bağlaya bilər. Nəticədə xəstədə güclü ağrı və s. pozulmalar inkişaf edəcək.
İstənilən otları istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bu otların istifadəsi bəzi xəstəliklər və pozulmalar zamanı əks-göstəriş sayılır.