Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 19:12
Şuşada terror aktını törədən Norayr Mirzoyanın yayılan fotoları onun sıradan yox, hərbi hazırlıqlı şəxs olduğunu təsdiqləyir və istisna deyil ki, Mirzoyan ASALA-nın, yaxud onun uzantılarının üzvüdür.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, terror aktının verdiyi mesaj var: Qarabağda ermənilərlə azərbaycanlıların birgəyaşayışı mümkün deyil;
Və bu mesajın - hadisənin nəticəsinin kimə sərf etməsi terror aktının kim(lər)in mətbəxində hazırlandığını da anlamağa imkan verir.
Ermənistan: sərhəd və kommunikasiyanın müzakirə ediləcəyi görüşdən imtina edən Paşinyan müdafiə naziri Arşak Karapetyanı Qarabağa göndərdi və "qanunsuz erməni silahlı dəstələri çıxarmayacaqları" mesajını verdi; İrəvan "Qarabağ kartını" işə salır və sərhəddə "buynuz" göstərməklə yanaşı, gərginliyi Azərbaycan sərhədləri daxilinə də köçürmək istəyir; bu, mümkün danışıqlarda Paşinyanın əlini gücləndirə bilər, o cümlədən, bununla Minsk qrupunun aktivləşdirilməsi cəhdlərinə "münaqişə davam edir" əsası yaradılır;
Ermənistanda sülhə qarşı olanlar: tarix boyu terroru mübarizə vasitəsi seçən erməni millətçiliyi - daşnaklar terroru yenidən aktivləşdirir və bununla həm də hakimiyyəti sülh masasına gəlməməyə məcbur edir; erməni mediasında terror aktının "hakimiyyətin sülh istəyi, insanları buna məcbur edir" formasında təqdim edilməsi də baş verənlərdə revanşistlərin maraqlı tərəf olduğunu göstərir;
Xankəndidəki separatçı-terrorçu rejim: mülki əhalini silahlandırmaq proqramını təqdim edən Araik Arutyunyan bu terror aktı ilə "təslim olmayacaqlarının" deyir;
Karapetyanın səfəri, daşnakların Xankəndinə gəlişi, Araikin planı terrorçu Mirzoyanın hücumunda Ermənistanın hədəflərini göstərir. Və bu hücum həm də dünya erməniliyinin yenidən "terror mübarizəsini" aktiv mərhələyə keçirdiyinin anonsu da hesab edilə bilər. İstisna deyil ki, Qarabağda əli silahlı "mülki şəxslərin mübarizəsi" genişlənə bilər;
Rusiya hadisənin harasında yer alır?
Terror aktı Qarabağdakı ermənilərin tərkisilah edilməsini qaçılmaz edir və bu, 10 noyabr razılaşmasının 4-cü bəndinin - erməni qoşunlarının çıxarılması deməkdir. Müharibədən bir il sonra belə həmin bəndin icrası ilə bağlı heç bir irəliləyiş yoxdur, əksinə, Qarabağa yeni silahların gətirilməsi, erməni silahlı dəstələrin yenidən gücləndirilməsi faktları var. Hesab etmək olar ki, terror aktı ermənilərin tərkisilah edilməsini aktuallaşdırdığı üçün ruslar məsələdə maraqlı deyillər.
Amma və lakin...
Terror aktı rusların maraqları kontekstində də diqqət çəkir:
1. Qarabağda "birgəyaşayışın çətin və uzunmüddətli proses" olduğu nəticəsi ortaya çıxır: bu, Rusiyanın sülhməramlı missiyasına "ehtiyacı" artırır;
2. Rus sülhməramlıları kontigentinin sayının artırılması "zərurəti" yaranır: terror aktı zamanı rus hərbçilərinin də orada olması Moskvaya "hədəfdə biz də varıq və mövcud kontingentlə təhlükəsizliyi təmin etmək imkanları məhduddur" tezisini irəli sürməyə imkan verir;
Hadisənin "qisas" kimi göstərilməsi də hədəflərdən biridir: terrorçu Mirzoyanın bu hücumla noyabrın 8-də Şuşa istiqamətində yaralanan mülki geyimli diversantların (1 ölü, 3 yaralı: ölən qardaşı imiş) qisasını aldığı iddia olunur; terror aktının bu fonda göstərilməsi Qarabağ münaqişəsinin "milli zəmində" hələ də davam etdiyini təqdim etməyə də xidmət edə bilər;
Və bu, Rusiyaya da, Ermənistana da, hətta Minsk qrupunu diriltmək istəyənlərə də sərf edən amildir.
Bu terror aktı bir daha təsdiq etdi ki, Qarabağdakı ermənilərin tərki-silah edilməsinin yolu miqyasından asılı olmayaraq, anti-terror əməliyyatından keçir.