Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2021 21:20
Bir çox fərdi sahibkarlar, müəssisə direktorları, təsisçilər və digər vətəndaşlar özlərinə məxsus şəxsi debet kartının vergi orqanları tərəfindən izlənildiyini düşünürlər.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən keçmiş bank əməkdaşı, mühasibat üzrə mütəxəssis İlqar Əsədov şəxsi debet kartlarının bankın təqdim etdiyi xidmət məhsullarından biri olduğunu bildirib.
Onun sözlərinə görə, debet kartların üstünlüyü şəxsin öz vəsaitindən qanun və bank limitləri çərçivəsində istədiyi vaxt, istədiyi formada istifadə edə bilməsinin mümkünlüyü, digər şəxslər tərəfindən özünə çatası vəsaitlərin qəbulunun rahat və sürətli olmasındadır. Bu və digər bir çox üstünlüklərə malik həmin bank məhsullarının tamamilə nəzarətsiz qaldığını düşünmək sadəlövhlük olar. Lakin məsələ heç də çoxlarının düşündüyü kimi qəliz və qaranlıq deyil: "İlk növbədə bilməlisiniz ki, debet kartlarınız ilə əməliyyatlar arxa planda kart hesabı adlı hesab vasitəsilə tənzimlənir və idarə edilir. Bu, bir bank məhsulu olduğu üçün onu əldə edərkən bank ilə müqavilə bağlayırsız. Sizin kartınız vasitəsilə etdiyiniz əməliyyatlar bank sirrini təşkil edən məlumatlardır. Belə məlumatlar isə qanunla qeyd edilmiş hallar istisna olmaqla yalnız kart sahibinin özü və bank tərəfindən bilinir. "Banklar haqqında" Qanuna əsasən, bank sizin bank hesabınız, hesab üzrə əməliyyatlarınız və qalıqlarınız, habelə sizin haqqınızda digər məlumatların, o cümlədən sizin adınız, ünvanınız, rəhbərləriniz haqqında məlumatların sirrinə təminat verir. Sizin bank sirrini təşkil edən məlumatlar Mülki Məcəlləyə uyğun olaraq maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə həbs qoyulması, tələb yönəldilməsi ilə əlaqədar məhkəmənin qüvvəyə minmiş qərarı əsasında verilir".
İqtisadçı nəzərə çatdırıb ki, bankın xidmət etdiyi vergiödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir. Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən məlumatların verilməsi Vergi Məcəlləsinin 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, bu cür məlumatların vergi orqanına verilməsi vergiödəyicilərinə münasibətdə tətbiq edilir. Yəni, əgər vətəndaş vergiödəyicisi deyilsə, çox da narahat olmaya bilər.
Qeyd olunub ki, Vergi Məcəlləsinə əsasən, təqvim ili ərzində alınmış hədiyyələrin 1000 manatadək hissəsi vergidən azaddır. Belə hədiyyə ailə üzvündən alındığı halda isə tam həcmdə gəlir vergisindən azaddır. Vergidən azad olunmuş gəlirlər vergi orqanlarına ümumiyyətlə maraqlı deyil. Lakin bu o demək deyil ki, karta daxil olan bütün pul hədiyyə kimi dəyərləndirilə və 1000 manatdan artıq olan hissəsi vergiyə cəlb edilə bilər. Əhalinin bu cür əməliyyatlarının izinə düşməyə nə bank idarələrinin, nə də vergi orqanlarının vaxtı və imkanı vardır. Vətəndaşa olduqca müxtəlif səbəblərdən və mənbələrdən ödəniş köçürülə bilər və həmin daxil olan pul vəsaitini izləmək bir yana, onun vergiyə cəlb edilməli olduğunu da hələ sübut etmək lazımdır. Bu cür sübut isə məhkəmə qaydasında mümkündür.
İ.Əsədov bildirib ki, iri həcmli və mütəmadi xarakterli oxşar əməliyyatlar vergidən yayınma halı kimi dəyərləndirilə bilər. Adətən, belə hallar dərhal deyil bir müddət sonra ortaya çıxa bilən əməliyyatlardır. İri həcmli köçürmələr və daxilolmalar isə nəinki vergidən yayınma, hətta cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə yönəlik əməliyyat kimi də dəyərləndirilə bilər. Təbii ki bu, əsas etibarı ilə xarici kartlara və ya hesablara köçürmə zamanı şübhələnməyə əsas verəcək. Ölkədaxili köçürmələrdə də vətəndaşın 5 rəqəmli köçürmələri mütəmadi xarakter daşısa, müvafiq qurumları maraqlandıra bilər. Vergi orqanlarını isə burada sizin əməkhaqqı, dividend və digər rəsmi gəlirləriniz ilə köçürülən məbləğlərin uyğunluq təşkil etməsi maraqlı olacaq.
Çalışdığı müəssisənin əməliyyatlarını düzgün təşkil edən direktor, qanunun tələblərinə riayət edən fərdi sahibkar şəxsi əməliyyatlarına görə narahat olmaya bilər. Məhdud məsuliyyətli müəssisənin təsisçiləri isə müəssisəyə bağlı olmayan, onun əməliyyatlarına görə məsuliyyət daşımayan, yalnız qoyduqları maya nisbətində risk daşıyan şəxslər olduqlarından onlar da adi vətəndaş kimi dəyərləndirilirlər.