Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Ermənistana açıq ELAN ETDİ - Paşinyan nəyi seçəcək?

Azərbaycan Ermənistana açıq ELAN ETDİ - Paşinyan nəyi seçəcək?

Tarix: 8 Dekabr 2021 14:27

Soçi görüşündən (26 noyabr) sonra Ermənistandan gözləntilər çox olsa da, yenə fərqli ssenarinin şahidi olmaqdayıq. Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının razılığına əsasən Moskvada baş nazir müavinlərinin görüşləri nəticəsində üçtərəfli bəyanatlarda Ermənistanın götürdüyü öhdəliklərin - sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat kommunikasiya xəttlərinin açılması istiqamətində sürətli addımların atılacağı gözlənildiyi kimi İrəvanın Soçidə növbəti dəfə ikili oyun oynayacağı da istisna edilmirdi.

Səbəb isə hələ noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd boyu növbəti hərbi təxribatı zamanı lokal savaşdan dərhal sonra Avropa İttifaqının prezidenti Şarl Mişelin verdiyi bəyanatdan məlum idi. Dekabrın 15-də Brüsseldə Ermənistan və Azərbaycan tərəfi arasında ikitərəfli görüş anonsundan sonra Rusiyanın işə dərhal müdaxiləsi, Moskva üçün Soçi aktuallığını zərurətə çevirdi. Lakin proseslərin sonrakı axarı deməyə əsas verir ki, Nikol Paşinyan Soçiyə Putinin qorxusundan getmək məcburiyyətində qalsa da, yenə öz bildiyini heç kimə vermək fikrində deyil. Belə ki, erməni baş nazir Brüssel görüşündə bölgədəki reallığı dəyişmək istiqamətində əhəmiyyətli addımların atılacağına ümid edir. Elə buna görə də Putinin Soçidə "Zəngəzur dəhlizi" ifadəsinə etiraz etmədiyi halda müavini dekabrın 1-də Moskvada üçtərəfli görüş zamanı "dəhliz" məsələsinə görə danışıqları qarışdıraraq, üçtərəfli formatda müzakirələri təxirə salıb. Bu təsadüfdürmü? Təbii ki, xeyr!

Paşinyan özünün edə bilmədiyini komandasına etdirmək fikrindədir. Beləcə, o, Putinin Soçi görüşü ilə aktuallığını itirməyə çalışdığı Brüssel səfərinin əhəmiyyətini artırmağa cəhd edir. Elə buna görə də, dekabrın ilk günlərindən etibarən qanunsuz erməni silahlı qüvvələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasından Azərbaycanın mövqelərini ard-arda atəşə məruz qoydular, posta növbəti dəfə Azərbaycan əsgərinə hücum planı qurdular. İki səbəbi olar bilər: Ermənistan bununla Brüssel görüşü öncəsi bütün dünyaya, Qərbə nümayiş etdirməyə çalışır ki, Qarabağda münaqişə sona çatmayıb, ora hələ də bir münaqişə zonasıdır və bu yolla "status" məsələsini yenidən ortaya atmaq istəyirlər. İkinci səbəb isə, Ermənistan bununla sülhməramlıların yarıtmaz fəaliyyətinə diqqəti yönəldib, Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq cəhdini sınaqdan keçirirlər.

Ermənistandakı revanşist qüvvələr Brüssel görüşü öncəsi vəziyyəti gərginləşdirmək yollarını qalan bir həftə ərzində də axtaraxcaqlar. Ehtimallar böyükdür ki, görüş öncəsi təxribatların sayı artsın. Bu, hətta lokal toqquşmalarla belə müşahidə edilə bilər. Bununla rəsmi İrəvan 26 noyabr Soçi anlaşmasını sabotaj edərək Brüsseldə hər şeyi yenidən başlamaq üçün bəhanə əldə etməyə çalışacaq. Səbəb isə gün kimi aydındır...

Hər hansı yolla üçtərəfli formatı dağıtmaq, digər dövlətləri (Minsk Qrupunun digər həmsədr dövlətləri olan ABŞ və Fransanı) hazırki formata daxil etmək, xüsusən də danışıqlar prosesini Minsk Qrupuna daşımaq niyyətindədir. Və beləcə Ermənistan üçtərəfli formatı nüfuzdan salmağa çalışır. Qəbul olunan qərarları yerinə yetirməmək üçün müxtəlif təxribat cəhdləri, gərginlik yaratmaq niyyətləri də məhz buna xidmət edir.

Brüssel görüşü öncəsi Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritələrinin 16 noyabr tarixində baş vermiş hərbi təxribat nəticəsində saxlanılan şəxslərlə dəyişdirilməsi də onu göstərdi ki, Rusiya tərəfi Avropa İttifaqının daxilində keçiriləcək görüşün əhəmiyyətini bir qədər də azaltdığı düşünülsə də, BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin son qərarları zamanı müharibənin bitməsindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq mina xəritələrinin gecikdirilməsinə görə İrəvan Ermənistanın əleyhinə qərar çıxartılmaması məqsədilə məhz bu addımı atmaq məcburiyyətində qalıb.

Ermənistan XİN-in son açıqlamaları da ("10 noyabr bəyanatında, 12 yanvar üçtərəfli görüşündə,  26 noyabr üçtərəfli görüşündə Zəngəzur dəhlizindən söhbət getmir" - red.) qeyd edildiyi ki, Putinin iştirakı ilə gerçəkləşən, Kreml rəhbərinin də imzası olan üçtərəfli bəyanatların etibarlılığını itirməyə xidmət edir. 

Ermənistan hərbi-siyasi rəhbərliyinin xislətinə yaxşı bələd olan Azərbaycan Prezidenti Brüssel görüşü öncəsi qarşı tərəfə öncədən Quba rayonunda sakinləri ilə görüşü zamanı lazımı mesajı göndərib. Bunu rəsmi İrəvana və revanşist qüvvələrə xəbərdarlıq da adlandırmaq olar. İlham Əliyev çıxışı zamanı "Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun" ifadələri ilə rəsmi İrəvanın, onun havadarlarını, müxalifət ("Qarabağ klanı")  dairələrinin, eləcə də erməni diasporasının yuxusunu qaçırdı. Dövlət başçısının Paşinyandan dəhliz tələbi, bununla bağlı Ermənistandan vaxt istəyi məhz üçtərəfli bəyanata (11 yanvar 2021-ci il) əsaslanır.

Belə ki, sözügedən bəyanatının 4-cü bəndinə əsasən, üçtərəfli İşçi Qrupu Zəngəzur dəhlizi də daxil olmaqla bütün kommunikasiyanın açılması qrafikini 1 mart (2021-ci il) tarixinə qədər hazırlamalı və liderlər tərəfindən təsdiq olunmalı idi. Ermənistanın uzatdığı proses 26 noyabrda Soçi görüşündə şifahi qaydada razılaşdırılsa da şahidi olduq ki, dekabrın 1-də İşçi Qrupu Moskva görüşündə texniki məsələlərə yekun vurmalı və imzalar atılmalı olduğu halda İrəvan yenə oyunu pozmağa çalışdı.

İlham Əliyevin bu bəyanatı rəsmi Bakının səbrinin yenidən tükənmək üzrə olduğuna da bir işarə ola bilər. Çünki rəsmi İrəvan Brüssel görüşü öncəsi üçtərəfli bəyantları, ən sonda isə Soçi anlaşmasını sabotaj etmək üçün bütün çirkin oyunlara getməyə hazır kimi görünür. Dövlət başçısı bu sözlərlə bir növ Ermənistan rəhbərliyinə "odla oynama, atdığın imzaya sadiq ol, götürdüyün öhdəliyi öz xoşunla yerinə yetir, üçtərəfli razılaşmalardan yayınmağa, bəyanatları "iptal" etməyə cəhd etmə. Əks təqdirdə ən yaxşı halda yenidən 44 günlük müharibədəki vəziyyətlə üz-üzə qala bilərsiniz" xəbərdarlığını etdi.

Ermənistan tərəfi isə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobialar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq məqsədilə dezinformasiyalara, əsassız iddialara son qoymaq fikrində deyil kimi görünür. Rəsmi Bakının dəfələrlə və ən yüksək səviyyədə üç ölkə liderinin imzaladığı birgə bəyanatların icrasının vacibliyini vurğulamasına, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılmasına rəğmən, Ermənistan müharibənin bitməsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə öhədliklərini yerinə yetirmədiyi azmış kimi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törətməkdən də çəkinmir. Preizdent İlham Əliyev bu açıqlaması ilə eyni zamanda Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində rəsmi Bakının addımlarına qarşılıq verməyən Paşinyan rejiminə səbrimizin bir yerə qədər olduğunu xatırladıb.

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan Ermənistana açıq ELAN ETDİ Paşinyan nəyi seçəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ