Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 23:24
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Kipr Respublikasının nümayəndələr palatası tərəfindən qəbul edilmiş təxribat xarakterli, həqiqətəuyğun olmayan qətnamə ilə bağlı bəyanat yayıb.
Bəyanatda dekabrın 3-də Kipr Respublikasının Nümayəndələr Palatası tərəfindən "Azərbaycanın ermənilərə qarşı davamlı təcavüzü və Dağlıq Qarabağdakı mövcud vəziyyət" adlı təxribat xarakterli, əsassız və həqiqətəuyğun olmayan qətnamənin qəbul edilməsi ilə əlaqədar kəskin etiraz ifadə olunur.
Bəyanatda deyilir: "Kiprli deputatların nəzərinə çatdırmaq istərdik ki, regionda sabitliyi pozmağa yönəlmiş bu cür təxribatlar 30 il ərzində Azərbaycan ərazisinin 20 faizini qeyri-qanuni olaraq işğal altında saxlayan, bütün Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyan, Xocalı soyqırımını törədən və bölgəni yenidən xaos və müharibə vəziyyətinə qaytarmağa çalışan qüvvələrə xidmət edir.
Müharibəyə son qoyaraq regionda dinc yaşayışın yeni mərhələsinə şərait yaradan, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanatın imzalanmasından artıq bir il ötür. Hazırda Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz evlərinə qaytarılması, regionda yeni infrastrukturun qurulması ilə yanaşı, xalqlar arasında etimad tədbirlərinin də gücləndirilməsi üçün böyük səylər göstərilir.
Bu gün Azərbaycan bütün səviyyələrdə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıq şəkildə bəyan etdiyi və heç bir şərt olmadan delimitasiya və demarkasiya prosesinə başlamağa hazır olduğu halda buna qarşı çıxan da məhz bu qüvvələrdir.
Təəssüflər olsun ki, Kipr Nümayəndələr Palatasının deputatları bu lüzumsuz qətnaməyə səs verərək, özlərini və parlamentlərini dəyərdən salmış, qisas və müharibəyə can atanlarla eyni səviyyəyə qoymuşlar. Onların regionda sülhün bərqərar olması səylərini dəstəkləmək əvəzinə, sadə insanların dərdindən, iztirabından öz çirkin siyasi oyunlarında istifadə etməyə çalışanların ardınca getmələri təəssüf hissi doğurur.
Sülh və əmin-amanlığa məhəl qoymayaraq, bu cür qərəzli, əsassız qətnamənin qəbul edilməsi regiondakı yeni reallığı dəyişdirmir, əksinə, bu cür qətnamələri qəbul edənlərin özlərinə xələl gətirərək, obyektivliklərinə ciddi şübhə yaradır".