Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 08:04
"Müharibəyə quş qanadı ilə gedirdi. O qədər sevinirdi ki... Heç elə bil müharibəyə getmir, toya-bayrama gedir".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Biləsuvar rayonunun Çaylı kəndindən olan Vətən müharibəsi şəhidi Amid Əliyevin əmisi Qasım Əliyev bildirib.
Onun sözlərinə görə, Rusiyada doğulan, sonradan bacısı ilə birlikdə atası tərəfindən Biləsuvara gətirilən Amidi körpəlikdən o himayəyə alıb və öz övladları ilə birgə böyüdüb: "Amid Əliyev 1999-cu il dekabrın 3-də Rusiyanın Amur vilayətində dünyaya göz açıb. Anası rusdur, ruhi xəstəliyi olduğuna görə psixiatriya xəstəxanasında qalır. Övladlarına baxa bilməyib, rəsmi qaydada ərizə yazaraq uşaqlardan imtina edib və onları atasına təhvil verib. Atası 2001-ci ildə Amidi bacısı Səbinə ilə bərabər Azərbaycana, Biləsuvarın Çaylı kəndinə gətirilib. 1 yaş 2 aylığından anamla qalsa da, mənim himayəmdə olub. Mən ona əmi yox, ata olmuşam".
Q. Əliyevin sözlərinə görə, Amid hərbi xidmətdən gələndən sonra dərzilik öyrənsə də, sonradan öz istəyi ilə hərbi sahəyə istiqamətlənib: "Amid məktəbi bitirdikdən sonra 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Əsgəri xidmətindən sonra o, öyrəndiyi dərzilik peşəsində çalışıb. Ancaq sevdiyi hərbçi peşəsinə qayıtmaq istəyirdi. 2020-ci ilin yazında qatıldığı tank kurslarını müvəffəqiyyətlə bitirib. Cəmi 5-6 ay işləməsinə baxmayaraq, həmin hərbi hissədə o qədər hörmət qazanıb ki, elə bil 60 il işləyib. 27 sentyabrda başlanan Vətən müharibəsində tuşlayıcısı olduğu zirehli texnika ilə döyüşlərə qatılıb. Ön cəbhəyə bacım oğlu Kamran Məmmədzadə ilə birgə yollanıb. Dayıoğlu-bibioğlu ikisi də sevinirdilər ki, Azərbaycan ordusuna xidmət edirlər. Mənə deyirdilər ki, arxayın ol, qalib gələcəyik. Müharibəyə necə eyni gündə getmişdilər, eyni gündə - sentyabrın 28-də Füzuli istiqamətində şəhid olublar".
Şəhid Amid Əliyev oktyabrın 1-də Çaylı kənd qəbiristanlığında dəfn olunub. Şəhadətindən sonra Prezidentin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhid Kamran Füzuli oğlu Məmmədzadə isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezidentin sərəncamına əsasən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.