Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2022 22:18
Vergi Məcəlləsinə əsasən, müəssisələrin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulur. Həmçinin pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən maliyyə mütəxəssisi Emin Salamov Məcəllədə iki əsas məqama diqqət yetirilməsini tövsiyə edir: "Birincisi, bu güzəşt hüququndan yalnız pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istifadə edə bilər. Yəni, istər xidmət sahəsində fəaliyyət göstərən şəxslər, istər topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan şəxslər, istərsə də, istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən mallar və xidmətlər təqdim edilərkən satış dövriyyəsinin müəyyən hissəsi POS-terminal vasitəsilə nağdsız qaydada ödənilsə belə, həmin vergiödəyiciləri bu güzəşt hüququndan istifadə edə bilməzlər. İkinci məqam ödənişi edən şəxsin vergiödəyicisi olub-olmaması ilə bağlıdır. Əgər ödəniş vergiödəyicisi kimi uçotda olan şəxslər tərəfindən nağdsız qaydada POS-terminal vasitəsilə ödənilsə belə, yuxarıda qeyd edilən maddənin müddəaları tətbiq oluna bilməz".
E.Salamov onu da əlavə edib ki, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində güzəşt gəlir vergisinin ödəyiciləri və sadələşdirilmiş vergiödəyiciləri üçün də keçərlidir.