Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 10:04
Gecə Bakıda ağır cinayət olub. 25 yaşlı şəxs çoxmərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzilin eyvanından yerə düşüb. O, elə hadisə yerindəcə dünyasını dəyişib. Polis həmin mənzilə baxış keçirərkən oradan 50 yaşlı kişinin amansızlıqla qətlə yetirilmiş meyitini aşkar edib. İndi istintaq qrupu baş vermiş bu müəmmalı və dəhşətli cinayəti araşdırır.
Gecə bu binanın sakinləri gurultulu səsə çölə çıxıblar.
Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ''V'' yaşayış massivində səsə çıxan qonşular binanın arxa tərəfində asfaltın üstündə bir nəfərin meyitini görüblər. Onlar dərhal bu barədə polisə məlumat veriblər.
Baş vermiş hadisə ətrafda yaşayanları təəccüb içində qoyub. Həmin şəxslərin qohum olub-olmaması barədə qonşuların heç bir məlumatı yoxdur. Onlar 50 yaşlı kişinin həmin mənzildə yaşadığını deyirlər. Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyir ki, İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb, hadisənin dəqiq təfərrüatları araşdırılır.