Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 23:52
Facebook-un rəhbəri Mark Zuckerberg 28 oktyabr 2021-ci ildə şirkətin adının dəyişdirilərək "Meta" adlanacağını elan etdikdən sonra "metaverse" mediada ən çox müzakirə edilən mövzulardan biri oldu. Bəs Metaverse nədir?
Metaverse - insanların virtual mühitdə əlaqə qurmasına imkan verən rəqəmsal dünyadır. Metaverse sözü meta və universe sözlərinin birləşməsindən yaranır. Meta - kənar, Universe - kainat deməkdir. Metaverse sözü ilk dəfə Nil Stivensonun "Snow Crash" fantastik romanında qeyd edilmişdir. Bu romanda real insanların avatarlarının olduğu üç ölçülü virtual dünya metaverse adlanırdı. N.Stivensonun fikrincə, metaverse fiziki və virtual reallıqları birləşdirən internetin inkişafının növbəti mərhələsidir.
Metaverse insanların real həyatda edə bildiyi bir çox şeyi virtualda da etməsinə imkan yaradır. İstənilən şəxs özünə avatar yarada və bu avatarla iş, səyahət, oyun oynamaq, konsertə getmək, alış-veriş kimi bir çox gündəlik fəaliyyətləri edə və zamanla inkişaf edəcək virtual dünyanın bütün imkanlarından yararlana bilərlər. Bunun üçün isə VR və ya ağıllı eynək texnologiyasından istifadə nəzərdə tutulur. Virtual reallıq texnologiyası hazırda daha çox oyunlarda istifadə olunur.
Metaverse mövzusunun populyarlaşmasının əsas səbəbi insanları məsafədən işləməyə, sosial uzaqlaşmaya və cəmiyyətdən təcrid etməyə sövq edən pandemiyadır. Metaverse ilə insanlar evlərdən çixmadan istənilən yerə baş çəkə, digər insanlarla ünsiyyət qurmaq imkanı əldə edirlər. Bundan əlavə, hazırda insanlar arasında qarşılıqlı əlaqələri daha da mükəmməl edə bilən texnologiyalar (blockchain, NFT), cihazlar (VR eynəklər) və ultra yüksəksürətli internet metaverse konsepsiyasını daha da aktual edir. Metaversedə hansı ölkədən olmağın, hansı təhsilə sahib olmağın, cəmiyyətin elit təbəqəsinə aid olub-olmamağın fərqi yoxdur. Bütün avatarlar bərabərdir və hamının virtual məhsullara bərabər çıxışı var.