Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ötən il Avropa ölkələri 8,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub'' - FOTO

''Ötən il Avropa ölkələri 8,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub'' - FOTO

Tarix: 4 Fevral 2022 17:16

Fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısı "Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər - Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi" və "Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" mövzularında plenar sessiyalarla davam edib.

Energetika Nazirliyindən verilən məlumata görə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Avropaya yeni mənbədən nəhəng bir dəhlizlə təbii qazın tədarükü ilə bağlı missiyasının öhdəsindən uğurla gəldiyini deyən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi sabit enerji təchizatının unikal elementidir. Enerji böhranının tüğyan etdiyi bir vaxtda avropalı istehlakçıların enerji təminatındakı rolu ilə Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət etdiyini bir daha təsdiqlədi.

"2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Bu müddətdə təkcə Avropa ölkələri uzunmüddətli müqavilələr, habelə qısamüddətli spot əməliyyatları üzrə, təxminən, 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub",- deyə nazir əlavə edib.

Energetika naziri bildirib ki, dəhliz enerji təhlükəsizliyinin təminatındakı strateji əhəmiyyətini Avropa ölkələri arasındakı interkonnektorlarla Qərbi Balkanlara və qitənin digər hissələrinədək genişləndirə bilər:

"Bu məqsədlə istehlakçılarla müqavilələrin imzalanması, investisiyaların yatırılması və qaz hasilatının artırılması, həmçinin interkonnektorların qurulması kimi prosesləri əhatə edən yeni bir fəaliyyət mərhələsinə başlamaq aktuallaşır. Biz Avropa Komissiyası və əlavə həcmlərdə qaz almaq istəyən və ya qaz idxal və ixrac etmək arzusunda olan ölkələrlə əməkdaşlıq etməyə və Cənub Qaz Dəhlizinin inkişafına töhfə verməyə hazırıq."

Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi bildirib: "Enerji təhlükəsizliyinin təminatı enerji keçidi dövründə prioritet olaraq qalacaqdır. Ona görə də Azərbaycanla strateji tərəfdaşlıq mühümdür. Azərbaycana nəinki mühüm etibarlı tərəfdaş olmasına, həm də enerji təhlükəsizliyində fəal roluna görə təşəkkür edirəm."

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib: "Cənub Qaz Dəhlizinin reallaşması və kommersiya qazının Avropaya nəqli mühüm addımdır. Dəhliz vasitəsi ilə nəql olunacaq qazın həcmini artırmaq üçün bizə əlavə ehtiyatlar və əlavə resurs ölkələri lazımdır. Bu baxımdan biz regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığımızı daha da inkişaf etdirməyə hazırıq."

ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokştayn Birləşmiş Ştatların Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri təqdir etdiyini bildirib: "Çox şadiq ki, Cənub Qaz Dəhlizi vaxtında həyata keçirilib. Bu gün bu dəhlizin əhəmiyyəti daha yaxşı qavranılır. Layihə nəinki Avropanın etibarlı qaz təchizatı, həmçinin qaz bazarının inkişafı üçün vacib layihədir. Biz bu layihəyə dəstək verdiyimizə görə məmnunuq."

Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris deyib ki, bu dəhliz Gürcüstan, Türkiyə və bütün Avropadakı tərəfdaşlar üçün sabit və etibarlı təchizatçıdır. Azərbaycan kimi karbohidrogen sənayesində fərqlənən ölkələr və şirkətlər xalis sıfır emissiyası dövrünün də seçilən ölkələri sırasına daxil olmaq üçün ideal imkanlara malikdir".

İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Gava isə bildirib ki, təbii qaz enerji keçidi üçün əvəzolunmaz resursdur. "Son aylarda İtaliyadan başlayaraq bir çox Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına ciddi meydan oxuyan qiymət dalğalanmaları Cənub Qaz Dəhlizi kimi infrastrukturların strateji əhəmiyyətini vurğuladı. Dəhlizdə iştirak edən ölkələr arasında koordinasiya sayəsində biz bütün tərəflərin ehtiyaclarını tarazlaşdırırıq və Avropanın enerji təhlükəsizliyinə zəmanət veririk ki, bu da vacib məsələlərdən biridir".

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze bu fikirləri səsləndirib: "Biz Cənub Qaz Dəhlizinin potensialının maksimum inkişaf imkanını gözləyirik. Bu baxımdan Xəzər və Mərkəzi Asiya enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılması mühüm əhəmiyyət kəsb edir."

Türkmənistanın "Türkmənqaz" Dövlət Konserninin sədr müavini Atamyrat Charyyev bildirib ki, Türkmənistan Şərqi Avropa bazarının tələbatını ödəmək üçün lazım olan həcmlərdə qərb istiqamətində də təbii qaz ixracını təmin etmək üçün texniki imkan və resurs bazasına malikdir. Biz əminik ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinə əvəzsiz töhfə verə biləcək mühüm infrastruktur layihələrindən biri Transxəzər qaz kəməridir".

Bolqarıstanın energetika naziri Aleksandr Nikolov Cənub Qaz Dəhlizinin Bolqarıstan və Cənub-Şərqi Avropa üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib: "Bolqarıstanın strateji tərəfdaşı olan Azərbaycandan sabit və şaxələndirilmiş təchizatın həyata keçirilməsi enerji qiymətlərinin yüksək dəyişkənliyinin iqtisadiyyata və cəmiyyətə mənfi təsirlərini azaltmaq üçün şərtdir. Bu kontekstdə Bolqarıstan Azərbaycandan təchizatın artırılmasında maraqlıdır. Bir ildən çoxdur ki, Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə Bolqarıstana müntəzəm olaraq təbii qaz tədarük olunur".

Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin energetika və ətraf mühit üzrə baş katibi Aleksandra Sdoukou isə deyib ki, Yunanıstan bu illər ərzində Trans-Adriatik Boru Kəmərini inkişaf etdirmək səyləri ilə fəxr edir: "Bu da öz növbəsində Cənub-Şərqi Avropada sözügedən infrastrukturun inkişafına kömək edir. Biz mövcud qaz kəməri sistemlərində bərpa olunan qazların və hidrogenin istifadəsi, eləcə də yeni xüsusi infrastrukturların yaradılması üzrə səyləri və planları dəstəkləyirik və bu gün buradakı bütün tərəfdaşlarımızla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik".
Albaniyanın infrastruktur və energetika nazirinin müavini Ilir Bejtja bildirib ki, Albaniya enerji təchizatının təhlükəsizliyi və yerli tələbatın qarşılanması ilə bağlı ciddi problemlərlə üzləşir. "Qazın digər fosil yanacaq mənbələri ilə müqayisədə daha təmiz enerji mənbəyi olduğunu nəzərə alaraq qaz sektorunun inkişafı gündəliyimizdə mühüm yer tutur. Cənub Qaz Dəhlizi Albaniya, eləcə də enerji mənzərəsinin yaxın və uzunmüddətli gələcəyi üçün çox mühüm alternativdir. Biz bu yenilikləri tam dəstəkləyəcək, ortaq plan və layihələrimizin icrasına sadiq qalacağıq".

Serbiyanın Baş nazirinin müavini, mədənçilik və energetika naziri Zorana Mixayloviç mövqeyini belə ifadə edib: "Fevralın 1-də tikintisinə başladığımız və 2023-cü ildə istismara veriləcək Bolqarıstan-Serbiya qaz interkonnektoru bizə Xəzər regionundan, Cənub Qaz Dəhlizi qaz kəmərindən və bir sıra digər mənbələrdən təchizatçılarla əlaqə yaratmağa imkan verəcək. Bununla da, təkcə Serbiyanın deyil, o cümlədən bütün regionun enerji təhlükəsizliyinə yüksək səviyyədə töhfə veriləcək".
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib: "Biz keçid dövründə yaşıl hədəflərimizə çatmaq üçün təbii qaza təchizatın təhlükəsizliyinin təmini məqsədi ilə ən yaxşı həll yolu kimi baxmalıyıq. Hazırda Mərkəzi Avropada enerji mənbələrinin şaxələndirilməsi imkanlarına baxdıqda görürük ki, buna nail olmaq üçün ən müvafiq, ən real mənbə Azərbaycan qazıdır."

Rumıniyanın energetika naziri Vircil Daniel Popesku Rumıniyanın Cənub Qaz Dəhlizinin Balkanlar və Mərkəzi Avropa istiqamətində genişləndirilməsi planına Rumıniya-Bolqarıstan İnterkonnektoru və BRUA layihəsinin daxil edilməsini bir daha təklif etdiyini açıqlayıb: "Regiondakı əksər dövlətlərin Azərbaycan qazına çıxış əldə etməkdə marağının artması Cənub Qaz Dəhlizinin inkişafını davam etdirmək üçün böyük imkan yaradır və bu imkanı əldən qaçırmaq olmaz. Biz Avropanın enerji təminatının sabitliyi üçün böyük əhəmiyyət kəsb edən strateji qaz nəqliyyatı infrastrukturu olan Cənub Qaz Dəhlizi layihəsini inkişaf etdirmək cəhdlərinə qoşulmağa hazırıq".

Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinunun sözlərinə görə, enerji böhranı qarşısında heç bir ölkə tək qalmamalıdır: "Güclü Avropa tərəfdaşlığı qurulmalıdır. Əsas məqsəd hər kəs üçün dayanıqlı, etibarlı, çoxşaxəli mənbələrdən və münasib qiymətə enerjinin əldə edilməsinə nail olmaqdır".
Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi qeyd edib ki, ölkənin qazlaşdırılması iqtisadiyyat üçün həlledici əhəmiyyət kəsb edir. "Şimali Makedoniyada qaz kəməri sisteminin tikintisi üzrə işlər davam etdirilir. Cari ilin birinci rübündə Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi ilə birləşdirəcək Yunanıstanla qaz bağlantısı üçün interkonnektorun tikintisinə başlanması planlaşdırılır. Biz artıq şimal qonşumuz Serbiya ilə qaz bağlantısı üçün interkonnektorun tikintisi layihələrini tamamlamaq üzərində işləyirik. Bundan əlavə Bolqarıstan və Albaniya ilə qaz bağlantısı üçün interkonnektorların tikintisi də nəzərdə tutulub".

Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Dmitri Berejnoy Cənub Qaz Dəhlizini Avropanın enerji təminatı üçün böyük uğur hesab edib.

Monteneqronun Kapital İnvestisiyaları Nazirliyinin Dövlət katibi Marko Perunovic deyib: "Enerji keçidi prosesini düzgün şəkildə həyata keçirmək üçün biz diqqətimizi dayanıqlı təbii qaz təchizatını təmin etməyə yönəltməliyik. Biz Cənub Qaz Dəhlizi və İon Adriatik Boru Kəməri layihəsinin inkişafı üçün əməkdaşlığa açığıq".

Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr nazirinin müavini Ljiljana Lovric və Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiç İon-Adriatik Boru Kəməri layihəsinin bu ölkələrdə qaz sektorunun inkişafını təşviq edəcəyini qeyd ediblər.

Həmçinin bu sessiyada bp, TANAP, TAP AG, Azərbaycan Qaz Təchizatı Şirkəti və SOCAR-ın layihə üzrə hesabatları təqdim edilib.

Enerji keçidi məsələlərinə həsr olunmuş ikinci sessiyada isə Məşvərət Şurası formatında əməkdaşlığın "yaşıl" enerji istiqamətində genişləndirilməsinə diqqət yetirilib. Sessiyada Avropa İttifaqının Enerji Direktorluğu, bp, "ACWA Power" "Masdar","TotalEnergies", "Eguinor" və SOCAR-ın təmiz enerjiyə keçid, karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələr və bərpa olunan enerji üzrə əməkdaşlığa dair çıxışları dinlənilib.


Etiketlər:  Ötən Avropa ölkələri milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ