Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2022 21:56
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi üçün bu il ərzində əlavə 16 milyard ABŞ dollarına ehtiyac var.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ÜST bu vəsaiti təşkilatın büdcəsində çatışmayan hissə kimi göstərib və inkişaf etməkdə olan ölkələrdə peyvəndlər, testlər və dərman preparatları üçün sərf edilməli olduğunu elan edib. Qeyd olunub ki, göstərilən vəsait BMT tərəfindən başlanan xüsusi proqrama yönəldilməli, həmin vəsaitlərdən 600 milyon peyvənd, 700 milyon test və 120 milyon pasiyentin müalicəsi üçün dərman preparatları alınmalıdır.
ÜST rəhbəri Tedros Qebreyesus bildirib ki, elmi tədqiqatlar COVID-19-a qarşı mübarizə aparmaq üçün tibbi imkanlar açır və əgər dünyada həmrəy paylanma baş verərsə, o zaman bu il COVID-19 xəstəliyi tibbi fövqəladə vəziyyət statusundan çıxarıla bilər.
ÜST tərəfindən verilən təkliflərə görə, çatışmayan vəsaitin 92 faizi Avropa İttifaqı və G20 ölkələri tərəfindən təqdim edilməlidir. ÜST bu ilin yarısına kimi dünya əhalisinin 70 faizinin koronavirusa qarşı peyvənd olunmasını hədəfləyir. Hazırda bu göstərici təxminən dünya əhalisinin yarısına bərabərdir.