Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tütünçəkmə epidemioloji hal almış bir xəstəlikdir''

''Tütünçəkmə epidemioloji hal almış bir xəstəlikdir''

Tarix: 9 Fevral 2022 22:06

Tütünçəkmə bütün dünyada və ölkəmizdə geniş yayılıb. Hər il tütün məhsullarından istifadə edənlərin sayı artır, ələlxüsus da qadın və uşaqlar arasında artım tendensiyası var. Digər ölkələrə nisbətən Azərbaycanda qadınlar arasında tütünçəkmə az olsa da, yenə də artım hiss olunur.

Sonxeber.net xəbər verir ki, Elmi-Tədqiqat və Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri, pulmonoloq Sevda Mustafayeva deyib.

Pulmonoloq bildirib ki, əvvəllər tütünçəkməyə zərərli vərdiş kimi baxılırdı, son illər Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına görə, tütünçəkmə epidemioloji hal almış bir xəstəlikdir. Tütün məhsulları çəkməyə vərdiş edənlər çox çətinliklə ondan canını qurtara bilirlər. Hətta araşdırmalara görə, tütün məhsulları bəzi narkotik vasitələrdən daha çox psixoloji asılılıq yarada bilir. Statistikaya görə, dünyada kişilərin üçdəbir hissəsi siqaret çəkir. Onların 66 faizi siqaret çəkməyə 18 yaşına qədər başlayıb. Daha erkən yaşlarda, siqaretin gələcəkdə hansı fəsadlar törədəcəyini anlamadan ondan istifadə etməyə başlayanlar zamanla buna vərdiş edirlər və nəticədə psixoloji və fiziki asılılıq yaranır.

"Tütün məhsulları çəkən xəstələrdə ciddi dəyişikliklər görürük, daha çox bərpa olunmayan, geri dönməyən, ağır fəsadlara gətirən hallarla qarşılaşırıq. Ümumiyyətlə, siqaretçəkmə bir çox orqan və sistemlərdə ciddi problemlər yaradır. Lakin tənəffüs orqanlarına daha ciddi təsir göstərir. Bunlara ağciyərlərin xroniki obstruktiv xəstəliyi, xroniki bronxit, ağciyərlərin emfizeması, ağciyərlərin xərçəngini misal göstərə bilərik. Uzun müddət siqaret çəkən insanlarda yaş və tütünçəkmə müddəti artdıqca, problemlər çoxalır, xəstəliklər ağırlaşır. Yaş çox olduqda xəstəlik də ağır keçir. Yaşlılarda xərçəng riski artır. Ağciyər xərçəngi aşkarlanan xəstəyə verdiyimiz ilk suallardan biri "tütün məhsullarından istifadə edirsinizmi?"dir. Əksər hallarda xəstəliyin əsasında siqaretçəkmə dayanır. Tütündən istifadə edən şəxs onu tərgidəndən sonra sadalanan xəstəliklərin riski azala bilər. Siqareti tərgitmək heç zaman gec deyil. Ondan nə qədər tez imtina olunsa, xeyri bir o qədər çox olar. Burada həkimin də üzərinə böyük məsuliyyət düşür ki, xəstəni bunu bacaracağına inandırsın. Həmin şəxslərə, xüsusilə də uzun müddət istifadə edənlərə siqaretdən ayrılmaq çox çətindir. Lakin hansı xəstə ki, siqaretdən imtina edir, bir müddətdən sonra o, müsbət effekti özü də görür. Siqaretçəkmədən ayrılandan sonra bir il ərzində təngnəfəslik, öskürək azalır, beş il ərzində bronxların selikli qişası yavaş-yavaş bərpa olunur, on ildən sonra xərçəng riski siqaret çəkməyənlərin riski səviyyəsinə enir, on beş ildən sonra ölüm riskinin 50 faiz azalır", - deyə şöbə müdiri qeyd edib.

S.Mustafayevanın sözlərinə görə, passiv tütünçəkmənin özü də ciddi bir problemdir. Hər il dünyada 6 milyona yaxın insan tütünçəkmə səbəbindən yaranmış problemlərlə əlaqədar olaraq dünyasını dəyişir. Onların 5 milyonu aktiv, 600 mindən çoxu passiv tütün məhsulları istifadəçisidir. Passiv istifadəçilər siqaret çəkməsələr də, ətraflarında qəbul edən insanların sayəsində həmin tüstünü udurlar, nəfəs yollarına gedir və zədələyici təsirini göstərir. Passiv tütünçəkmə də ağciyər xərçənginə, ağciyərlərin xroniki obstruktiv xəstəliyinə, bronxitlərə səbəb ola bilər. Bu, o deməkdir ki, passiv tütünçəkmə zərərli təsirlərinə görə heç də aktiv tütünçəkmədən geri qalmır.

Pulmonoloq qeyd edib ki, tütünçəkmənin mənfi təsirlərinin üzə çıxması onun nə dərəcədə, neçə müddət qəbul olunmasından asılıdır: "Orqanizmin cavab reaksiyası bəzilərində daha gec, bir qismində isə daha tez ola bilər. Bu da individualdır və təkcə immun sistemi ilə deyil, bəzən genetik amillərlə, siqaretin çəkilmə miqdarına, yaşayış tərzinə bağlıdır. Bunu bilmək vacibdir ki, tütün məhsullarından istifadə gec ya tez mənfi təsirini göstərir.

Tütünçəkmə statistikasını azaltmaq üçün bir neçə amilə diqqət yetirmək lazımdır. Evdə valideynlər övladları ilə bu barədə söhbət etməli, məktəbdə profilaktik tədbirlər və dövlətin apardığı maarifləndirmə işləri davam etməlidir. Ölkəmizdə tütün məhsullarının reklamı qadağan olunub. Bu təbii ki, müsbət təsir göstərəcək və hətta göstərir də. Əgər uşaq evdə valideynlərindən ən azı birinin, evdən kənarda isə həmyaşıdlarının siqaret çəkdiyini görürsə, onlardan nümunə götürür. Məktəblərdə müəllimlərin üzərinə məsuliyyət düşür ki, tütünçəkmənin fəsadları haqqında məktəblilərlə ətraflı danışsınlar".


Etiketlər:  Tütünçəkmə epidemioloji almış xəstəlikdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ